Dünya futbolunun ali qurumu FIFA UEFA və digər konfederasiyaların “FIFA Forward Enterprise” (FFE) layihəsinə etirazından sonra rəsmi açıqlama yayıb.
İdman.Biz “Reuters”ə istinadən xəbər verir ki, FIFA layihənin müzakirəsini davam etdirəcəyini bildirib. Qurumun açıqlamasına əsasən, əvvəlcədən planlaşdırılan məsləhətləşmə prosesi mediada yayılan yanlış məlumatlar səbəbindən pozulub və bütün 211 üzv assosiasiyaya layihə ilə bağlı öz mövqeyini bildirmək imkanı veriləcək.
“Heç kim futbolu satmır. FIFA heç vaxt belə bir şeyi nəzərdən keçirməz. Hər kəs etiraz etmək və əlavə izahat tələb etmək hüququna malikdir, lakin heç bir təşkilat dünyadakı 211 üzv assosiasiyanın hamısının adından danışa bilməz”, - açıqlamada bildirilib.
FFE layihəsi FIFA-nın kommersiya fəaliyyəti və turnirlərin təşkilati əməliyyatlarının ayrıca törəmə şirkətdə birləşdirilməsini nəzərdə tutur. FIFA bu qurum üzərində nəzarəti saxlayacağını, futbolun idarə olunması, yarışlar, beynəlxalq təqvim və idman qərarları ilə bağlı səlahiyyətlərin özündə qalacağını vurğulayıb.
Layihəyə əsasən, 2027-2030-cu illərdə FIFA-nın hər bir üzv assosiasiyasına 20 milyon ABŞ dolları (34 milyon AZN) inkişaf maliyyəsi ayrılması planlaşdırılır. Bundan əlavə, “FIFA Fast Forward” proqramı vasitəsilə hər assosiasiya könüllü şəkildə əlavə 20 milyon ABŞ dolları birdəfəlik maliyyə əldə edə bilər.
Əlavə vəsaitin FFE-yə xarici investorların cəlb olunması hesabına formalaşdırılması nəzərdə tutulur. FIFA ilkin mərhələdə 4,2 milyard ABŞ dollarına (7,14 milyard AZN) qədər kapital toplamağı planlaşdırır. İnvestorlara FFE-də azlıq və nəzarət hüququ verməyən payların təqdim olunacağı bildirilir.
UEFA-nın 55 üzv assosiasiyası isə FIFA-nın planına qarşı çıxıb və təklif geri götürülmədiyi halda FIFA turnirlərində iştirak etməmək barədə mövqe ortaya qoyub. CONCACAF da layihəni rədd edib.
FIFA bildirib ki, üzv assosiasiyaların əksəriyyətinin dəstəyi olmadan FFE yaradılmayacaq. Təklif məsləhətləşmələr zamanı tam və ya ayrı-ayrı hissələr üzrə qəbul edilə, dəyişdirilə və ya rədd oluna bilər.
