“Neftçi”nin dəyişən məşqçiləri ilə davam edən böhranlı sistemi - İDMAN.BİZ-in TƏHLİLİ

31 İyul 2026 14:38
149
“Neftçi”nin dəyişən məşqçiləri ilə davam edən böhranlı sistemi - İDMAN.BİZ-in TƏHLİLİ

Bu həftə avrokuboklarda uğursuz çıxış edən üç Azərbaycan klubu arasında məhz “Neftçi”nin fiaskosu, bəlkə də, ən ağır təəssürat yaratdı. Söhbət təkcə nəticədən getmir.

İdman.Biz xəbər verir ki, Bakı klubu ənənəvi olaraq özünü Azərbaycan futbolunun flaqmanlarından biri kimi təqdim edir, ciddi maliyyə imkanlarına malikdir, xarici məşqçilər, legionerlər və əcnəbi funksionerlər dəvət edir, hər dəfə yeni islahatlara böyük bəyanatlarla başlayır.

Belə bir fonda Konfrans Liqasının ikinci təsnifat mərhələsində Minsk “Dinamo”suna uduzmaq sadəcə idman uğursuzluğu kimi görünmür. Bu, “Neftçi”də illərdir soyadları dəyişməklə müalicə etməyə çalışdıqları, lakin nədənsə sistemin özünə toxunmadıqları xəstəliyin növbəti əlamətidir.

Halbuki, hər şey Bakıda demək olar ki, ideal başlamışdı. İlk oyunun ikinci dəqiqəsində Emin Mahmudov hesabı açdı, səkkizinci dəqiqədə isə Aleksandr Selyava topu öz qapısından keçirdi. Ev matçının ilk səkkiz dəqiqəsində 2:0 hesabı ilə irəli çıxmaqdan daha yaxşı başlanğıcı təsəvvür etmək çətin idi.

Məhz bundan sonra isə son illərdə çox tez-tez gördüyümüz “Neftçi” ortaya çıxdı.

Komanda üstünlüyünü soyuqqanlılıqla qorumaq, rəqibi açılmağa məcbur etmək və oyuna nəzarəti ələ almaq əvəzinə, sözün əsl mənasında dağıldı. Karen Vardanyan fasiləyə qədər fərqi azaltdı, 47-ci dəqiqədə Yevgeni Malaşeviç hesabı bərabərləşdirdi, daha sonra Vardanyan ikinci qolunu vurdu, Quljigit Alıkulov isə darmadağını tamamladı - 2:4.

Öz meydanında 2:0 hesablı üstünlüyü 2:4-lük məğlubiyyətə çevirmək “Neftçi” kimi iddialı klub üçün sadəcə pis nəticə deyil. Bu, yolverilməzdir.

Yuri Vernidub oyundan sonra məsuliyyəti öz üzərinə götürdü və futbolçularının fərdi səhvlərini qeyd etdi. Həqiqətən də, belə səhvlər var idi. Ancaq komanda bu qədər uğurlu başlanğıcdan sonra bu qədər sürətlə strukturunu, nəzarəti və özünəinamını itirirsə, problem artıq təkcə hansısa müdafiəçi və ya yarımmüdafiəçinin uğursuz epizodunda deyil.

Cavab oyunu isə xoşagəlməz təəssüratı daha da gücləndirdi. Stara Zaqorada “Neftçi” yenə ilk qolu vurdu. Breno Almeyda artıq 13-cü dəqiqədə fərqləndi.

Burada qısa haşiyəyə çıxaraq qeyd edək ki, Belarus klubları və milli komandası UEFA-nın sanksiyaları səbəbindən öz ev oyunlarını neytral meydanlarda və azarkeşsiz keçirmək məcburiyyətindədir. Belə ki, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan cavab qarşılaşması sanksiyalara görə Belarusda deyil, Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroye” stadionunda keçirildi.

Bakı klubunun qarşıdurmanı heç olmasa əlavə vaxta daşımaq üçün daha bir qol vurmağa bir saatdan çox vaxtı var idi. Amma bundan sonra sanki komanda çıxılmaz vəziyyətə düşdü.

“Neftçi” ilk oyunda 2:0 hesabı ilə irəlidə olduğu halda məğlub oldu. İkinci oyunda isə 1:0 hesabı ilə qalib gəlsə də, erkən qolun davamını gətirə bilmədi. Fərqli nəticələr, amma eyni problem. Komanda hesabda önə çıxır və sanki bundan sonra bu üstünlüklə nə etməli olduğunu bilmir. Elə təəssürat yaranır ki, futbolçulara təlimatın növbəti bəndini izah etməyi unudublar: ilk qolu vurmaq hələ qələbə demək deyil. Bakıda üstünlük mənasız şəkildə əldən verildi. Bolqarıstanda isə inkişaf etdirilmədi. Nəticədə iki oyunun cəminə görə 3:4 hesablı məğlubiyyət və avrokubok kampaniyasının artıq iyul ayında başa çatması qeydə alındı.

“Neftçi” üçün bu uğursuzluq həm də ona görə daha ağrılıdır ki, bu cür fiaskolar artıq çoxdan təsadüf kimi qəbul olunmur. Klub uzun illərdir Azərbaycan futbolunda həqiqətən aparıcı qüvvə statusunu qaytarmağa çalışır. Məşqçilər, heyət, rəhbərlik, konsepsiyalar və şüarlar dəyişir. Nəticə isə qəribə şəkildə demək olar ki, eyni qalır.

Bunun üçün son illərə baxmaq kifayətdir. 2022-ci ilin yayından etibarən “Neftçi”nin baş məşqçisi postunda Laurentiu Regekampf, Adrian Mutu, Miodraq Bojoviç, Roman Qriqorçuk, Samir Abasov və indi də Yuri Vernidub çalışıb. Təxminən dörd il ərzində altı mütəxəssis.

Üstəlik, söhbət klubun qənaət etdiyi, tanınmayan şəxslərdən getmir. Regekampf ciddi beynəlxalq təcrübəyə malik idi, Mutu Avropa futbolunun böyük simalarından sayılırdı, Bojoviç postsovet məkanını yaxşı tanıyırdı, Qriqorçuk daha əvvəl Azərbaycanda uğurla çalışmış və “Qəbələ”ni iki dəfə Avropa Liqasının qrup mərhələsinə çıxarmışdı, Vernidubun da kifayət qədər zəngin məşqçilik təcrübəsi var.

Bundan sonra hələ də “Neftçi”nin sadəcə “o doğru məşqçini” tapa bilmədiyini demək olarmı? Ola bilsin ki, artıq axtarışı başqa yerdə aparmaq lazımdır.

Yens Anderssonun hekayəsi də bu baxımdan çox xarakterik görünür. 2023-cü ilin payızında isveçli funksioner “Neftçi”nin yeni memarı kimi təqdim edildi və onunla iki illik müqavilə bağlandı. Anderssonun qarşısına yalnız əsas komandanın seleksiyası ilə bağlı deyil, akademiyanın inkişafı, klubun bütün strukturu üçün vahid oyun fəlsəfəsinin formalaşdırılması və idman strategiyasının hazırlanması kimi vəzifələr qoyulmuşdu.

Hər şey kifayət qədər ciddi görünürdü. Axırı isə son illərin bir çox digər layihələri kimi oldu.

Andersson təxminən bir il çalışdı və 2024-cü ilin sentyabrında klubu tərk etdi. Məhz onun dövründə 2023-cü ilin dekabrında Mutunun əvəzinə Bojoviç seçilmişdi. O zaman isveçli bildirirdi ki, klub namizədləri təhlil edib, statistik göstəriciləri araşdırıb və monteneqrolu mütəxəssisin ən uyğun seçim olduğu qənaətinə gəlib. Bir neçə ay sonra isə Bojoviçlə müqavilə uzadılmadı.

Bəs Anderssonun dəvət edilməsinin əsas səbəbi olan uzunmüddətli futbol fəlsəfəsi haradadır? Onun gedişindən sonra həmin layihədən nə qaldı? Varislik haradadır? “Neftçi”yə yönələn əsas iradlardan biri də məhz budur. Çox vaxt belə təəssürat yaranır ki, klub inkişaf etmir, sadəcə hər dəfə yenidən qurulmağa başlayır.

Yeni struktur, yeni rəhbər, yeni idman direktoru, yeni baş məşqçi, növbəti legioner qrupu, yeni konsepsiya – bir müddət sonra isə bu dövr yenidən təkrarlanır.

Hələ 2025-ci ilin sentyabrında komandanın sabiq futbolçusu Bahadır Nəsimov da daimi kadr dəyişikliklərinə diqqət çəkmişdi. Onun sözlərinə görə, bir yay fasiləsində 10-12 futbolçu gəlib, təxminən o qədər də gedirsə, həqiqi komanda formalaşdırmaq son dərəcə çətindir. Bu fikirlə razılaşmamaq çətindir.

“Neftçi”nin problemi artıq çoxdan növbəti mərkəz müdafiəçisinin və ya baş məşqçinin soyadından daha dərindir. Futbolçular və məşqçilər davamlı dəyişir, amma problemlərin mahiyyəti eyni qalırsa, məntiqli olan diqqəti onların üzərində duran səviyyəyə – futbol prosesinin təşkilinə və ildən-ilə olduqca zəif qalan idarəetmə qərarlarının keyfiyyətinə yönəltməkdir.

Hətta 2020/21 mövsümündə qazanılan çempionluq - 2013-cü ildən bəri “Neftçi”nin yeganə çempionluğu – bu gün artıq sabit modelin mövcudluğunun sübutundan daha çox ümumi mənzərədə istisna kimi görünür. Həmin mövsümdə Bakı klubu 59 xal toplayaraq “Qarabağ”ı cəmi iki xal qabaqlamış və Ağdam təmsilçisinin yeddi illik çempionluq seriyasına son qoymuşdu. Hər şey son turda “Neftçi”nin birbaşa rəqibini 1:0 hesabı ilə məğlub etməsi ilə həll olunmuşdu.

Bu, tamamilə haqq edilmiş çempionluq idi. Amma o, “Neftçi” üçün yeni dövrün başlanğıcına çevrilmədi. Artıq növbəti mövsümdə titul yenidən “Qarabağ”a qayıtdı, Bakı klubu isə yenə təqibçi rolunda qaldı.

Beş il keçib, amma sual dəyişməyib: “Neftçi” əslində nə qurur? Xüsusilə də simvolikdir ki, cari mövsüm öncəsi klub rəhbərliyi yenidən böyük hədəflərdən danışırdı. Baş icraçı direktor Cenk Sümer açıq şəkildə bəyan etmişdi ki, klubun məqsədi çempionluqdur. Cəmi bir ay əvvəl Vernidubla müqavilə 2028-ci ilə qədər uzadılmış, rəhbərlik mütəxəssisə və onun formalaşdırdığı komandaya etimad göstərdiyini vurğulamışdı.

Məhz buna görə də “Dinamo”ya məğlubiyyətdən sonra çıxarıla biləcək ən yanlış nəticə yenidən məşqçini dəyişməyin kifayət edəcəyini düşünmək olardı. “Neftçi” bunu artıq həddindən artıq çox edib.

Əlbəttə, Vernidub komandanın oyununa görə cavabdehdir. Futbolçular isə 2:0 hesabını 2:4-ə çevirən səhvlərinə görə məsuliyyət daşıyırlar. Amma rəhbərliyin məsuliyyəti bundan qat-qat genişdir. Məhz rəhbərlik heyəti kimin formalaşdıracağını, məşqçiləri kimin seçəcəyini, onlara nə qədər vaxt veriləcəyini, transfer strategiyasının necə olacağını və ümumiyyətlə, kabinetdə və ya ehtiyat oyunçular skamyasında növbəti soyad dəyişikliyinə tab gətirə biləcək futbol şaqulisinin mövcud olub-olmayacağını müəyyənləşdirir.

Peşəkar klubu bahalı elementlər toplusundan fərqləndirən əsas amil məhz sistemdir. Yaxşı məşqçi dəvət etmək olar. Keyfiyyətli legionerlər transfer etmək olar. Avropa təcrübəsinə malik idman direktoru tapmaq olar. Ancaq bütün bu detallar hər il yeni konstruksiyada birləşirsə, nəticə gözləmək çətindir. “Neftçi” artıq ilk dəfə deyil ki, bunu əyani şəkildə nümayiş etdirir.

Minsk “Dinamo”suna budəfəki məğlubiyyət də ona görə xüsusilə xoşagəlməz görünür ki, futbolu məğlubiyyətsiz oynamaq mümkün deyil. Hamı uduzur. Problem başqadır: bu uğursuzluq həddindən artıq tanış görünür.

Yenə böyük gözləntilər. Yenə keyfiyyətli futbolçular heyəti. Yenə yüksək hədəflər barədə bəyanatlar. Yenə komandanın üstünlük qazandığı və hər şeyin dəyişəcəyinə ümid yarandığı an.

Və yenə eyni sual: bəs bundan sonra nə etmək lazımdır? “Neftçi” bu sualın cavabını təkcə meydanda deyil, ilk növbədə öz idarəetmə sistemində tapmayınca, növbəti səs-küylü soyadların heç biri bu problemi həll etməyəcək.

İdman.Biz