Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp vəzifəyə təyin olunmasından sonra ilk açıqlamalarını verib.
İdman.Biz "Bild" nəşrinə istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis Frankfurt şəhərində keçirilən təqdimat mərasimində jurnalistlərin suallarını cavablandırıb.
Almaniyalı çalışdırıcı milli komandada dəyişikliklər edəcəyini bildirib:
“İstəyirəm ki, hər şeyi yaxşılaşdıraq. Almaniya millisinin müsbət görüntüsünü yaratmaq və yenidən zirvəyə qayıtmaq istəyirəm. Bu vəzifəyə böyük həvəslə yanaşıram”.
Klopp heyətdə gözlənilməz seçimlərin olacağını da qeyd edib:
“Elə futbolçular imkan qazanacaq ki, onlar bunu heç gözləmirlər. Mən həmişə cəsarətli olmağa çalışmışam və belə də davam edəcəyəm. Hamının xoşuna gələn futbol oynamaq istəyirəm. Bu, həmişə dərhal uğur gətirməyə bilər, amma məqsədim odur ki, insanlar oyundan sonra evə gedəndə "vau" desinlər”.
Təcrübəli mütəxəssis Almaniya millisində kifayət qədər istedad olduğunu vurğulayıb:
“Komandanın futbolçularının adlarına baxdım və çox nikbin oldum. İnanılmaz dərəcədə çox istedadımız var. U-17 komandamız dünya və Avropa çempionu olub. Onlar indi 20 yaşındadırlar və bizə kömək edə bilərlər”.
Klopp böyük hədəflərə çatmaq üçün zamana ehtiyac olduğunu da bildirib:
“Almaniyada gözləntilər inanılmaz dərəcədə yüksəkdir. Əlbəttə, ən böyük məqsədlərə çatmaq istəyirik. Amma bunun üçün vaxta ehtiyacımız olduğunu başa düşməliyik”.
Yeni baş məşqçi milli komandanın strukturunda da dəyişikliklər planlaşdırdığını açıqlayıb:
“Mən strukturların içinə çox daxil olmaq istəyirəm. Yurgeni gətirənlər onu tam şəkildə qəbul etməlidirlər. Bu gün hamı sevinir, amma əmin deyiləm ki, bu, hər gün belə olacaq”.
Klopp futbolçuların inkişafı ilə nəticə qazanmaq arasında balans yaratmağın vacibliyini də qeyd edib. O, Millətlər Liqasında və digər rəsmi oyunlarda heyəti düzgün idarə etməyin əsas hədəflərdən biri olacağını bildirib.
Qeyd edək ki, Klopp bu postda Julian Naqelsmannı əvəz edib və onun müqaviləsi 2030-cu il dünya çempionatına qədər nəzərdə tutulub.
