İspaniya La Liqası təmsilçisi “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes 2026/27 mövsümünün startına qədər yaşıl meydanlara qayıda bilər.
İdman.Biz xəbər verir ki, bu barədə “Diario AS” məlumat yayıb.
Mənbənin məlumatına görə, ayağından əməliyyat olunan futbolçunun bərpa prosesi uğurla davam edir. Kataloniya klubu Lopesin La Liqanın yeni mövsümünün ilk turunda meydana çıxa biləcəyinə inanır.
23 yaşlı yarımmüdafiəçi ayağının beşinci daraq sümüyünün sınığı səbəbindən FIFA dünya çempionatında iştirak edə bilməyib.
Lopes zədəni “Barselona”nın “Real Betis” üzərində qələbə qazandığı La Liqa matçında alıb və mayda əməliyyat olunub.
İspaniya millisinin üzvünün dünya çempionatında mühüm rol oynayacağı gözlənilsə də, zədə onun turnirdə iştirakına mane olub.
Futbolçunun bərpa prosesindəki müsbət irəliləyiş baş məşqçi Hansi Flik üçün yeni mövsüm ərəfəsində sevindirici xəbərdir.
Lopes 2025/26 mövsümündə bütün turnirlərdə keçirdiyi 48 oyunda 13 qol vurub və 17 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi bu yaxınlarda “Barselona” ilə 2031-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.
