İspaniyanın “Real Madrid” futbol komandasının yarımmüdafiəçiləri Orelien Tçuameni və Fede Valverde Madrid təmsilçisindən ayrılmayacaq.
İdman.Biz xəbər verir ki, klub prezidenti Florentino Peresin hər iki futbolçunun komandada qalacağı ilə bağlı mövqeyini açıq bildirib və onların qalmasını mütləq hesab etdiyini söyləyib.
Tçuameni də Valverde ilə münasibətinə aydınlıq gətirib. Fransa millisinin düşərgəsində danışan yarımmüdafiəçi aralarında problem olmadığını və hər ikisinin eyni məqsədə kökləndiyini deyib:
“Fede Valverde ilə ortaq məqsədimiz var: “Real Madrid” üçün titullar qazanmaq. Heç bir problem yoxdur”.
Fransalı futbolçu mətbuatda yayılan məlumatların şişirdildiyini bildirib. O, Valverde ilə fiziki dava və zərbə iddialarını təkzib edib.
Valverde isə daha əvvəl yaşananları “futbolda və həyatda keçilməli olan kiçik maneələr” kimi dəyərləndirib. Uruqvaylı yarımmüdafiəçi bu təcrübənin onun daha yetkin futbolçu və gələcək illərdə daha yaxşı kapitan olmasına kömək edəcəyini söyləyib.
