Türkiyənin məşhur Koç ailəsinin “Sevilya” planı

1 İyun 2026 00:26
96
Türkiyənin məşhur Koç ailəsinin “Sevilya” planı

Türkiyənin “Fənərbağça” futbol klubunun sabiq prezidenti Ali Koçun İspaniyanın “Sevilya” futbol klubunun nəzarət paketini almaq üçün hərəkətə keçdiyi bildirilir.

İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, Koç İspaniya təmsilçisinin səhmdar strukturu, maliyyə durumu və mümkün satınalma şərtləri ilə bağlı ilkin araşdırma aparır. İddiada “Sevilya”nın nəzarət paketinin alınması və kluba əlavə maliyyə qoyuluşu üçün təxminən 150 milyon avroluq (300 milyon AZN) əməliyyat büdcəsindən bəhs edilir.

Məlumatda “Sevilya” daxilində Del Nido ailəsi ətrafında davam edən idarəçilik mübahisəsinin kluba yeni investor cəlb edilməsi ehtimalını artırdığı bildirilir.

Türkiyə mətbuatı Koçun “Fənərbağça”dakı son prezidentlik yarışında namizəd olmamasını da bu planla əlaqələndirir.

Qeyd edək ki, “Sevilya” son illərdə həm idman nəticələri, həm də maliyyə vəziyyəti baxımından çətin dövr keçirir.

İdman.Biz