İspaniya futbol çempionatında 35-ci turun qarşılaşmaları davam edir.
İdman.Biz-in məlumatına görə, sona dörd tur qalmış “Barselona” turnir cədvəlində çox rahat vəziyyətdədir. Hans-Diter Flikin komandası 34 oyundan sonra 88 xalla liderdir və ən yaxın izləyicisi “Real Madrid”i 11 xal qabaqlayır.
Bununla belə, katalonlar hələ riyazi olaraq çempionluğu təmin etməyiblər. Amma evdə keçiriləcək El-Klasikoda uduzmamaq onlara La Liqanı vaxtından əvvəl qazanmaq üçün kifayət edəcək.
Eyni zamanda, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə də davam edir. İspaniya 2026/27 mövsümü üçün Çempionlar Liqasına əlavə bir yer qazanıb. Buna görə də La Liqanın ilk beş komandası turnirin əsas mərhələsinə düşəcək.
Hazırda “Barselona”, “Real Madrid”, “Vilyarreal” və “Atletiko” xeyli irəlidədir. Əsas mübarizə beşinci yer uğrundadır. Burada “Betis” 53 xalla “Selta”nı 6 xal qabaqlayır.
“Barselona” - “Real Madrid”
Turun ən vacib oyunu mövsümün son “El-Klasiko”su olacaq. Qarşılaşma 10 mayda “Spotify Camp Nou” stadionunda keçiriləcək. Bu, “Barselona” və “Real Madrid” arasında 264-cü rəsmi oyun olacaq.
İndiyə qədər komandalar 263 dəfə üz-üzə gəlib:
“Real Madrid” - 106 qələbə
“Barselona” - 105 qələbə
52 oyun heç-heçə.
Bu mövsüm komandalar artıq iki dəfə qarşılaşıb. La Liqada ilk oyunda (26 oktyabr 2025) “Real” 2:1 hesabı ilə qalib gəlib. Yanvarda isə İspaniya Superkubokunun finalında “Barselona” 3:2 hesabı ilə revanş alıb.
Matç “Barselona”nın ev stadionunda keçiriləcək və katalonlar bu oyunda çempionluğu rəsmiləşdirə bilərlər: əgər “Barselona” qalib gəlsə və ya heç-heçə etsə, La Liqa çempionluğunu təmin edəcək, “Real Madrid” isə qələbə qazanacağı halda xal fərqini 8-ə endirərək mübarizəni davam etdirmiş olacaq.
“Barselona” bir neçə ciddi itki ilə üzləşib: Lamin Yamal bud əzələsi zədəsinə görə mövsümü başa vurub, Andreas Kristensen, Mark Bernal və Rafinya isə tam hazır deyillər. Buna baxmayaraq, El-Klasikoda qələbə qazanaraq çempionluğu evdə rəsmiləşdirmək katalonlar üçün böyük motivasiya olaraq qalır.
“Real Madrid” isə ciddi böhran yaşayır. Komanda həm idman, həm də daxili problemlərlə üz-üzədir.
Son günlərdə Federiko Valverde və Orelyen Tçuameni arasında ciddi münaqişə baş verib. Hadisə klubun Valdebebasdakı bazasında yaşanıb və nəticədə Valverde başından xəsarət alaraq xəstəxanaya aparılıb. Klub onun 10-14 gün istirahət edəcəyini açıqlayıb. Daxili araşdırmadan sonra hər iki futbolçu 500 min avro cərimələnib. Onlar hadisəyə görə məsuliyyəti qəbul edib, klubdan və komanda yoldaşlarından üzr istəyiblər.
Valverde isə bildirib ki, “döyüş olmayıb”, sadəcə mübahisə zamanı təsadüfən xəsarət alıb.
Bu insident “Real” daxilində gərginliyi daha da artırıb. Klubda təcili iclas keçirilib, futbolçular uzun müddət bazanı tərk etməyiblər.
Bu vəziyyətdə “Barselona” ilə oyun “Real” üçün həm idman, həm də psixoloji baxımdan ciddi sınaq olacaq.
35-ci turun oyunları (Bakı vaxtı ilə)
8 may
“Levante” - “Osasuna” 3:2
9 may
“Elçe” - “Alaves” 16:00
“Sevilya” - “Espanyol” 18:15
“Atletiko” - “Selta” 20:30
“Real Sosyedad” - “Betis” 23:00
10 may
“Malyorka” - “Vilyarreal” 16:00
“Atletik” - “Valensiya” 18:15
“Oviedo” - “Xetafe” 20:30
“Barselona” - “Real Madrid” 23:00
11 may
“Rayo Valyekano” - “Jirona” 23:00
Turnir cədvəli (35-ci turdan əvvəl)
1. “Barselona” - 88
2. “Real Madrid” - 77
3. “Vilyarreal” - 68
4. “Atletiko” - 63
5. “Betis” - 53
6. “Selta” - 47
7. “Xetafe” - 44
8. “Atletik” - 44
9. “Real Sosyedad” - 43
10. “Osasuna” - 42
11. “Rayo Valyekano” - 42
12. “Valensiya” - 39
13. “Espanyol” - 39
14. “Elçe” - 38
15. “Malyorka” - 38
16. “Jirona” - 38
17. “Sevilya” - 37
18. “Levante” - 36
19. “Alaves” - 36
20. “Oviedo” - 28.
