İngiltərə futbol çempionatında bu həftəsonu 36-cı turun oyunları keçiriləcək. Finişə üç tur qalmış İngiltərədə çempionluq yarışı həlledici mərhələyə daxil olur.
İdman.Biz-in məlumatına görə, “Arsenal” 35 matçdan sonra 76 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” 71 xalla ikinci pillədə qərarlaşıb və ehtiyatda bir oyunu var. “Mançester Yunayted” isə 64 xalla üçüncü yerdədir. “Liverpul” və “Aston Villa”nın isə 58 xalı var.
“Liverpul” - “Çelsi”
“Liverpul” 58 xalla dördüncü pillədə qərarlaşıb və doğma meydanda keçiriləcək oyuna hazırlaşır. Arne Slotun komandası hələ Çempionlar Liqasına vəsiqəni təmin etməyib, lakin “Çelsi” üzərində qələbə bu hədəfə doğru mühüm addım ola bilər. London klubu 48 xalla yalnız doqquzuncu yerdədir və ardıcıl uğursuz nəticələrdən sonra artıq ilk beşlikdə finişə çatmaq şansını itirib. Bununla belə, komanda Avropa turnirlərinə vəsiqə qazanmaq üçün hələ də həm çempionat, həm də kubok yolu ilə mübarizə aparır.
“Liverpul”da kadr problemləri qalmaqdadır. Alisson Bekker və Məhəmməd Salah hələ məşqlərə qoşulmayıblar. Aleksandr İsak isə zədədən sonra məşqlərə qayıdıb, Georgi Mamardaşvili də komanda ilə məşqləri bərpa edib. Florian Virts isə halsızlıq səbəbindən bir sıra məşqləri buraxsa da, artıq ümumi qrupa qoşulub.
“Çelsi”də də vəziyyət çətindir. Robert Sançes və Cessi Derri baş zədələri səbəbindən oyunu buraxacaqlar. Pedro Netu və Alejandro Qarnaçonun vəziyyəti isə hələ sual altındadır, Rişe Ceyms və Levi Koluill isə heyətə qayıtmaları gözlənilir. Ardıcıl altı məğlubiyyətdən sonra Kalum Makfarleynin komandasının “Enfild”dəki oyunu təkcə keyfiyyət deyil, həm də xarakter sınağı olacaq.
“Mançester Siti” - “Brentford”
“Mançester Siti” “Arsenal”ın yeganə izləyicisidir. Xosep Qvardiolanın komandasının 34 oyundan sonra 71 xalı var və liderlə rəqabəti davam etdirmək üçün səhv etmək hüququ yoxdur. “Brentford” üzərində qələbə “şəhərlilər”ə “Arsenal”ın “Vest Hem”lə oyununa qədər fərqi ən azı iki xala endirmək imkanı verəcək.
“Mançester Siti” üçün əsas intriqa Rodri ilə bağlıdır. Yarımmüdafiəçi apreldə “Arsenal”la oyunda qasıq zədəsi alıb və hələ tam bərpa olmayıb. Bununla yanaşı, Yosko Qvardiol və Ruben Diaş məşqlərə qayıdıb ki, bu da mövsümün sonuna doğru müdafiəni gücləndirə bilər.
“Brentford” 51 xalla yeddinci yerdədir və hələ də Avropa kubokları uğrunda mübarizə aparır. Kit Endryusun komandası son səkkiz Premyer Liqa oyununda cəmi bir dəfə məğlub olub. Oyundan əvvəl isə müsbət xəbərlər də var: Cordan Henderson heyətə qayıdıb, Vitali Yanelt tam hazır vəziyyətə yaxınlaşıb, lakin Riko Henri hələ meydana çıxmayacaq.
“Vest Hem” - “Arsenal”
“Arsenal” London stadionuna çempionat lideri kimi yollanır. Mikel Artetanın komandasının 76 xalı var və “Mançester Siti” ilə fərq 5 xaldır, lakin rəqibin ehtiyatda bir oyunu var. Buna görə də “topçular” üçün “Vest Hem” üzərində qələbə çempionluq yarışında böyük əhəmiyyət daşıyır.
“Arsenal” üçün əlavə çətinlik komandanın Çempionlar Liqası və çempionat mübarizəsini eyni vaxtda aparmasıdır. London klubu “Atletiko”nu məğlub edərək finala yüksəlib və 30 mayda PSJ ilə qarşılaşacaq. Lakin Mikel Arteta bütün diqqətin hazırda “Vest Hem”lə oyuna yönəlməli olduğunu vurğulayıb. Klubdan verilən məlumata görə, “Arsenal”da yeni zədələr yoxdur.
“Vest Hem” hazırda çətin vəziyyətdədir: komanda 36 xalla 18-ci yerdədir və “Tottenhem”dən 1 xal geri qalır. Nunu Eşpiritu Santu yalnız liqada qalmaq mübarizəsinə fokuslandığını bildirib və liderlə oyun onların xilası üçün son ümid kimi dəyərləndirilir.
APL 36-cı turun oyun cədvəli (Bakı vaxtı ilə)
9 may
“Liverpul” - “Çelsi” - 15:30
“Brayton” - “Vulverhempton” - 18:00
“Fulhem” - “Bornmut” - 18:00
“Sandерlend” - “Mançester Yunayted” - 18:00
“Mançester Siti” - “Brentford” - 20:30
10 may
“Bernli” - “Aston Villa” - 17:00
“Kristal Pelas” - “Everton” - 17:00
“Nottingem Forest” - “Nyukasl Yunayted” - 17:00
“Vest Hem” - “Arsenal” - 19:30
11 may
“Tottenhem” - “Lids Yunayted” - 23:00
APL turnir cədvəli (36-cı turdan əvvəl)
1. “Arsenal” - 76
2. “Mançester Siti” - 71
3. “Mançester Yunayted” - 64
4. “Liverpul” - 58
5. “Aston Villa” - 58
6. “Bornmut” - 52
7. “Brentford” - 51
8. “Brayton” - 50
9. “Çelsi” - 48
10. “Everton” - 48
11. “Fulhem” - 48
12. “Sandерlend” - 47
13. “Nyukasl Yunayted” - 45
14. “Lids Yunayted” - 43
15. “Kristal Pelas” - 43
16. “Nottingem Forest” - 42
17. “Tottenhem” - 37
18. “Vest Hem” - 36
19. “Bernli” - 20
20. “Vulverhempton” - 18.
