“Ozgon” klubunun hücumçu: “Azərbaycan yeməkləri üçün darıxıram”

19 Mart 2026 14:52
72
“Ozgon” klubunun hücumçu: “Azərbaycan yeməkləri üçün darıxıram”

“Legioner həyatı həqiqətən də asan deyil”.

Bunu ötən yaydan Qırğızıstanın “Ozgon” klubunda çıxış edən Orxan Əliyev futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Qırğızıstanda karyeranız necə gedir? Gözləntilərinizi doğrulda bilmisinizmi?

– Ümumilikdə hər şey yaxşıdır. İlk vaxtlar müəyyən çətinliklər olsa da, indi artıq komandaya və mühitə tam uyğunlaşmışam. Gözləntilərin böyük hissəsini doğrulda bilmişəm və öz performansımdan razıyam.

– Ən çox hansı məqamlar sizi çətinə saldı?

– Mənim üçün o qədər də çətin olmadı, çünki artıq yarım ildir ki, bu liqada oynayıram. Komandada məni yaxşı qarşıladılar və tez bir zamanda hər şeyə öyrəşdim.

– Qırğızıstan çempionatının səviyyəsini necə qiymətləndirərdiniz? Azərbaycan Premyer Liqası ilə müqayisədə fərqlər nələrdir?

– Qırğızıstan çempionatının səviyyəsi pis deyil, amma Azərbaycan Premyer Liqası ilə müqayisədə bir qədər fərqlər var. Azərbaycanda taktiki oyun inkişaf edib, burada isə daha çox fiziki gücə üstünlük verilir.

– Legioner həyatı çox futbolçu üçün asan olmur. Siz Qırğızıstanda dil, mentalitet və yaşam tərzinə necə uyğunlaşdınız? Orada sizə qarşı münasibət necədir?

– Legioner həyatı həqiqətən də asan deyil. Amma mən dil baxımından tez uyğunlaşdım, komanda yoldaşlarım və klub da mənə çox kömək oldu. Mentalitet baxımından da böyük fərq yoxdur, ona görə adaptasiya prosesi çox uzun çəkmədi. Ümumilikdə mənə münasibət çox yaxşıdır.

– Qırğızıstan mətbəxi ilə aranız necədir? Azərbaycan yeməkləri üçün darıxırsınız?

– Maraqlı yeməkləri var. Amma təbii ki, Azərbaycan yeməkləri üçün darıxıram. Xüsusilə ev yeməklərinin dadı tamam başqadır.

– Gələcəyinizlə bağlı planınız nədir: Qırğızıstanda qalmaq, yoxsa Avropaya keçid? Bu mövsüm başqa klublardan, xüsusilə Azərbaycandan təklif almısınız?

– konkret qərar verməmişəm. Hazırda diqqətimi bu mövsümə yönəltmişəm. Amma təbii ki, gələcəkdə daha yüksək səviyyəli liqalarda oynamaq istəyərəm. Müəyyən təkliflər olub, o cümlədən Azərbaycandan da maraqlanan klublar var, amma hələlik rəsmi bir şey yoxdur.

– Bu yaxınlarda Qırğızıstan “Neftçi”nə qarşı qol vurmağınız diqqət çəkdi. Sanki bu komanda sizə “uğurlu rəqib”dir. Fərqli ölkələrdən olsa da, vaxtilə Azərbaycanda “Neftçi”yə qarşı bütün oyunlarda qol vururdunuz. Bu ad əlavə motivasiyadır, yoxsa sadəcə təsadüf?

– “Neftçi” qol vurmağım artıq maraqlı tendensiyaya çevrilib. Düşünürəm ki, bu, bir az təsadüf, bir az da motivasiya ilə bağlıdır. Bu komandaya qarşı oynayanda daha istəkli oluram və bu da özünü nəticədə göstərir.

– Azərbaycan Premyer Liqasını izləyə bilirsiniz? “Sabah”ın çempionluq şansını necə görürsünüz?

– İmkan olduqca izləyirəm. “Sabah”ın bu mövsüm çempionluq şansı yaxşı görünür. Komanda stabil çıxış edir və sona qədər mübarizə aparacaq gücdədir.

– Keçmiş klubunuz “Turan Tovuz” avrokuboklar uğrunda mübarizə aparır. Sizcə, mövsümün sonunda hansı komandalar Azərbaycanı qitə yarışlarında təmsil edəcək?

– “Turan Tovuz”un bu mübarizənin içində olması sevindiricidir. Düşünürəm ki, mövsümün sonunda Azərbaycanı Avropada təmsil edəcək komandalar arasında ənənəvi güclülərlə yanaşı sürpriz komandalar da ola bilər.

– Bu mövsüm yaxşı formadasınız. Artıq millidən dəvət gözləyirsinizmi? Özünüzü yığmaya hazır hesab edirsiniz?

– Bu mövsüm formam yaxşıdır və əlbəttə ki, millidən dəvət almaq istərdim. Özümü yığmaya hazır hesab edirəm və şans verilsə, ən yaxşısını etməyə çalışaram.

– Qırğızıstanda oynamaq azərbaycanlı futbolçular üçün nə dərəcədə uyğun variantdır? Ora getmək istəyənlərə nə məsləhət verərdiniz?

– Maraqlı və faydalı təcrübə ola bilər. Bura gəlmək istəyənlərə məsləhətim odur ki, səbirli olsunlar və ilk çətinliklərdən çəkinməsinlər. Uğur qazanmaq üçün bu yolu keçmək çox vacibdir.

İdman.Biz