“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Qalatasaray”la qarşılaşacaqları oyundan əvvəl 2026-cı ildəki hədəfləri barədə danışıb.
İdman.Biz bildirir ki, matç saat 21.45-də start götürəcək.
“Çempionlar Liqasını qazanmaq mənim hazırkı arzumdur. Bu il dünya çempionatı da var, bəs niyə hər ikisini qazanmayaq? Komandamız Çempionlar Liqasını qazanmağa qadirdir, amma əminəm ki, qarşıdakı oyun çox çətin olacaq”, - Makallister UEFA-nın rəsmi saytında bildirib.
Əsas mərhələnin nəticələrinə görə, “Liverpul” Çempionlar Liqası turnir cədvəlində üçüncü, “Qalatasaray” isə 20-ci yerdə qərarlaşıb və pley-offda “Yuventus”u (5:2, 2:3) məğlub edib.
Builki turnirin finalı Budapeştdəki “Puşkaş Arena”da 30 may 2026-cı ildə keçiriləcək.
