Joan Laporta və Viktor Font rəsmi olaraq “Barselona” prezidentliyinə namizəd kimi qeydə alınıblar.
İdman.Biz bildirir ki, seçki komissiyası bu gün iclas keçirərək potensial namizədlər tərəfindən toplanan imzaların yoxlanılmasının nəticələrini açıqlayıb.
Laporta onu dəstəkləmək üçün 8170 imza təqdim edib və komissiya onlardan 7226-sını təsdiqləyib. Font tərəfindən təqdim edilən 5144 imzadan 4440-ı təsdiqlənib.
“Barsa” yetirməsi Mark Siria 2845 imza təqdim edib, lakin yalnız 2247 imza təsdiqlənib. Namizəd kimi qeydiyyatdan keçmək üçün minimum 2337 təsdiqlənmiş imza tələb olunur. Buna görə də Siria seçkilərdə iştirak etməyəcək.
“Barselona”nın prezident seçkiləri 15 martda keçiriləcək.
