FIFA prezidenti: “Ağzını örtərək danışanlar cəzalandırılmalıdır”

2 Mart 2026 10:13
89
FIFA prezidenti: “Ağzını örtərək danışanlar cəzalandırılmalıdır”

FIFA prezidenti Canni İnfantino meydanda mübahisə zamanı ağzını örtərək danışan futbolçuların dərhal meydandan kənarlaşdırılmasını təklif edib.

İdman.Biz xəbər verir ki, o, oyunçunun ağzını örtməsini deməməli olduğu ifadə işlətməsinin göstəricisi kimi qiymətləndirir.

Bu açıqlama Vinisius Juniorun Çempionlar Liqasında "Benfika"nın futbolçusu Gianluca Prestianni tərəfindən irqi təhqirə məruz qaldığını bildirməsindən sonra səsləndirilib:

“Əgər futbolçu ağzını örtərək danışır və bunun nəticəsi irqi xarakter daşıyırsa, o, dərhal meydandan kənarlaşdırılmalıdır. Aydın məsələdir ki, deməməli olduğu bir sözü deyib, əks halda ağzını örtməyə ehtiyac qalmazdı”.

Hadisə ilə bağlı UEFA araşdırmaya başlayıb və Prestianni cavab oyunundan kənarlaşdırılıb.

İnfantino bildirib ki, FIFA 2026-cı il dünya çempionatı ərəfəsində bu cür halların qarşısını almaq üçün yeni qaydalar tətbiq etməyi planlaşdırır.

İdman.Biz