“Mançester Yunayted”in müdafiəçisi Leni Yoro sürət həddini əhəmiyyətli dərəcədə aşdığına görə altı ay müddətinə sürücülük hüququndan məhrum edilib.
İdman.Biz-in BBC-yə istinadən məlumatına görə, fransız futbolçu həmçinin 666 funt sterlinq (759 avro) cərimə olunub və məhkəmə xərcləri üçün 120 funt sterlinq (136 avro) və təzminat üçün 266 funt sterlinq (303 avro) ödəməli olub.
Yoro 2025-ci ilin avqust ayının sonlarında Mançester şəhərətrafı ərazisində yol hərəkəti qaydalarını pozub. “Qırmızı şeytanlar”ın müdafiəçisi “Porsche Cayenne GTS” avtomobilini yaşayış binaları və məktəb yaxınlığındakı yolda 112 km/saat (70 mil/saat) sürətlə idarə edib ki, bu da 30 mil/saat (48 km/saat) limitindən iki dəfə çoxdur. O, səhvini etiraf edib və vəkilləri onun adından üzr istəyiblər, yolun boş olduğunu və dostunu qatar stansiyasına aparmaq üçün tələsdiyini bildiriblər. 20 yaşlı fransız cəzasından apelyasiya şikayəti verməyi planlaşdırmır.
Leni Yoro 2024-cü ilin yayında “Lill”dən “Mançester Yunayted”ə 62 milyon avroya keçib. 2025/26 mövsümündə müdafiəçi bütün yarışlarda 24 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. Onun “mankunianlılar”la müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt onu 55 milyon avro dəyərində qiymətləndirir.
