“Real Madrid” 25 yaşlı “Mançester Siti”nin hücumameylli yarımmüdafiəçisi Filip Fodenlə maraqlanır. Lakin “şəhərlilər” akademiyalarının məzununu satmaq istəmirlər və onunla “ömürlük müqavil”ə imzalamağı planlaşdırırlar.
İdman.Biz-in xəbərinə görə, bu barədə jurnalist Ekrem Konur məlumat verib.
Mənbənin məlumatına görə, əgər İngiltərə klubu Fodeni satmaq üçün danışıqlara başlasa, başlanğıc qiyməti 180-200 milyon avro olacaq. “Los Blancos” Foden və Cud Bellingem arasındakı möhkəm dostluğu əsas üstünlük hesab edir.
Foden “Mançester Siti”də bütün yarışlarda 353 oyuna çıxıb, 110 qol vurub və 65 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 80 milyon avrodur.
