“Kəpəz”in futbolçusu qız üstündə bıçaqlanıb? - İDDİA + YENİLƏNİB + VİDEO

3 Fevral 2026 10:09
402
“Kəpəz”in futbolçusu qız üstündə bıçaqlanıb?  - İDDİA + YENİLƏNİB + VİDEO

“Kəpəz” klubunun futbolçusu Veysəl Rzayevin iştirakı ilə baş vermiş insidentin bəzi təfərrüatları məlum olub.

İdman.Biz-in əldə etdiyi məlumata görə, hadisə gecə saat 01:00 radələrində Gəncə şəhərində baş verib.

Münaqişə zamanı Veysəl Rzayev sağ böyrəyindən bıçaq xəsarəti alıb.

İddiaya görə, mübahisə qız üstündə yaranıb. Veysəl Rzayev də həmin dava zamanı hadisəyə qarışıb və bıçaqlanıb. O, sağ böyrəyindən xəsarət alsa da, vəziyyəti ağır qiymətləndirilsə belə, həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından gencexeber.az-a verilən məlumata görə, bu gün saat 05:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Xatırladaq ki, V.Rzayev ötən ilin aprelində də davaya qarışıb. Həmin vaxt “Turan Tovuz”da çıxış edən futbolçu “Səbail”lə 0:0 hesablı oyundan sonra öz komandasının azarkeşləri ilə mübahisə edib. Meydana 19-cu dəqiqədə daxil olan V.Rzayev tribunadan səslənən atmacalara cavab verib və nəticədə insident yaşanıb. Hadisə mühafizəçilərin müdaxiləsindən sonra sakitləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

08:34

Gəncədə futbolçu bıçaqlanıb.

İdman.Biz gencexeber.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Məlumata görə, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib. Zərərçəkənə təcili tibbi yardım göstərilib, əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçusudur. O, ötən ay qış transfer pəncərəsi dövründə "Turan Tovuz"dan “Kəpəz”ə transfer olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

İdman.Biz