“Oyundan-oyuna özümü daha yaxşı hiss edirəm və komandada mənə göstərilən etimadı görürəm. Uzun müddət oynamamışdım, buna görə də özünəinamım azalmışdı. İndi isə getdikcə həm daha xoşbəxt, həm də daha inamlı oluram”.
Bu sözləri “Qarabağ”ın ispaniyalı futbolçusu Coni Montiel deyib.
Son oyunlarda performansı ilə diqqətləri üzərinə cəmləyən Montiel fiziki formasını bərpa etməsindən danışıb.
“Fikirləşirəm ki, belə davam etsəm, gələcək oyunlarda səviyyəmi daha da artıracağam və komandanı qarşıya qoyduğu məqsədlərə çatmaqda kömək edəcəyəm”, - deyə o, teleqraf.az-a açıqlamasında bildirib.
28 yaşlı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi “Nyukasl”a qarşı oyun keçirəcəkləri oyun barədə də fikirlərini bölüşüb:
“Komandamız Avropanın, hətta dünyanın ən yaxşılarının yarışdığı turnirdə uğurlu nəticələr əldə edir. Təbii ki, bizim də öz imkanlarımız var. Xüsusilə Bakıdakı oyunda müsbət nəticə əldə etməyə çalışacağıq. Orada da nə olar, olar”.
Montiel Azərbaycan Premyer Liqasının 18-ci turunda “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub etdikləri oyundan danışıb, turnir cədvəlinin lideri “Sabah”la (43) xal fərqini 4-ə azaltmalarına toxunub: “Düşünürəm ki, sona qədər səbirli oyun nümayiş etdirdik və çox vacib qələbə qazandıq. Hər üç gündən bir oyun keçiririk. Bu baxımdan rəqiblərimizin üstünlükləri var. Amma mümkün qədər tez bərpa olunmağa çalışırıq ki, bütün oyunlarda uğurlu nəticə əldə edək. İstədiyimiz yerdəyik, belə davam etməliyik”.
Qeyd edək ki, “Qarabağ” fevralın 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda “Nyukasl”ı qəbul edəcək. Tərəflər arasında cavab qarşılaşması bir həftə sonra İngiltərədə “Sent Ceyms Park” arenasında keçiriləcək.
