“Qarabağ”ın Misli Premyer Liqasında oyunu təxirə salına bilər.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasındakı (ÇL) iştirakla bağlı 21-ci turdakı matçının başqa vaxta keçirilməsini istəyir.
Məsələ burasındadır ki, ölkə çempionu fevralın 18-də və 24-də ÇL-in pley-off mərhələsində İngiltərə klubu “Nyukasl”la tarixi oyunlara çıxacaq. Fevralın 20-22-si aralığında isə komanda əzəli rəqibi “Neftçi” ilə çempionat matçını keçirməlidir.
“Nyukasl”a qarşı 6 gün ərzində iki ağır qarşılaşmanın olacağını nəzərə alan “Qarabağ” PFL-ə çempionat matçının təxirə salınmasını istəyəcək. Lakin bu durum indidən “Neftçi” tərəfində narazılığa yol açıb. Bakılılar tempdən düşməmək üçün oyunun baş tutmasının tərəfdarıdır. Xüsusən də “Neftçi” azarkeşləri təxirəsalmaya razılıq verməməsi üçün klub rəhbərliyinə təzyiq edir.
