İngiltərə Liqa Kubokunun yarımfinalında “Mançester Siti” və “Nyukasl Yunayted” arasında cavab oyunu keçirilib. “Şəhərlilər” 3:1 hesabı ilə qalib gəliblər. Matç Mançesterdəki “Etihad” stadionunda keçirilib.
Yeddinci dəqiqədə Omar Marmuş hesabı açaraq “şəhərlilər”ə üstünlük qazandırıb. Daha sonra Marmuş 29-cu dəqiqədə ikinci qolunu vurub. Teyani Reynders 33-cü dəqiqədə ev sahibi komandanın üçüncü qoluna imza atıb. Entoni Elanqa 62-ci dəqiqədə bir cavab qolu vurub.
Bu cütlüyün ilk yarımfinal oyununda “Mançester Siti” səfərdə 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, “Siti” Liqa Kubokunun finalına vəsiqə qazanıb, “Nyukasl” isə mübarizəni dayandırıb.
“Nyukasl” Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibidir.
Liqa Kubokunun finalında “Mançester Siti” “Arsenal”la qarşılaşacaq.
“Arsenal” yarımfinalda “Çelsi”ni ümumi hesabda 4:2 hesabı ilə məğlub edib.
