İkiqat dünya çempionu Nizami Paşayevin bütün təcrübəsinə baxmayaraq, niyə Azərbaycan milli komandasının məşqçi heyətində işləyə bilmədiyini başa düşməməsi barədə İdman.Biz-ə verdiyi şərhə cavab olaraq, Azərbaycan Ağır Atletika Federasiyası redaksiyamızla əlaqə saxlayıb.
“Birincisi, Nizami Paşayevi ad günü münasibətilə təbrik edir, ona can sağlığı və uğurlar arzulayırıq. O, milli ağır atletikamızın qürurudur və biz ona səlahiyyətimiz daxilində olan hər hansı bir məsələnin həllində kömək etməyə hazırıq.
İkincisi, qeyd etmək istərdik ki, Paşayev 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunları zamanı götürülmüş “B” nümunəsində dopinq aşkarlandığına görə Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən diskvalifikasiya edilib. Bəli, qərar səkkiz il sonra - 2016-cı ildə elan edilib və Nizami 2009-cu ildə idman karyerasına son qoysa da, səkkiz il müddətinə diskvalifikasiya edilib. Amma fakt budur ki, əfsanəvi idmançımız bu barədə Beynəlxalq Federasiyaya məlumat verməyib və buna görə də bu diskvalifikasiya hələ qüvvəyə minməyib.
Üçüncüsü, keçən il onun adından Beynəlxalq Federasiyaya və Ümumdünya Antidopinq Komitəsinə diskvalifikasiya müddətinin ləğvi üçün sorğu təqdim etdik və onun hansı cavab aldığını bilmirik. Ən azından, o, bizə bu barədə heç nə deməyib. Buna görə də, Paşayevin xidmətlərindən nə məşqçi, nə də federasiya işçisi kimi istifadə edə bilmərik”, - deyə Azərbaycan Ağır Atletika Federasiyasından bildirilib.
16:25
Bu gün Azərbaycanın ən titullu ağır atletlərindən biri olan Nizami Paşayev 45 yaşını qeyd edir. İkiqat dünya çempionu hazırda milli komandanın heyətində yer almır.
İdman.Biz 45 yaşını tamamlayan Nizami Paşayevlə əlaqə saxlayaraq əfsanəvi idmançının bu günü ilə maraqlanıb.
Söhbətin əvvəlində Nizami Paşayev bildirib ki, hazırda məşq edirəm, amma bu sırf artıq çəki ilə mübarizə aparmaq üçün lazımdır.
“Çünki 45 yaşımda bir az artıq çəki yığmışam. Əgər bu olmasaydı, ağır atletika zalını kilometr uzaqdan dolanardım. Gördüyüm qədəri ilə, məşqçi kimi əldə etdiyim uğurlar bu günə qədər heç kimə lazım deyil. Halbuki indiki məşqçilərin bir çoxu mənim yetirmələrimdir. Sinqapurda Yeniyetmələrin Olimpiya Oyunlarında mənim rəhbərliyim altında çempion olan Nicat Rəhimovdan tutmuş, hazırda yığmanın bir nömrəsi sayılan Dadaş Dadaşbəyliyə qədər. O, 2021-ci ilə qədər mənim yanımda məşq edib. Həmin il Moskvada keçirilən böyüklər arasında Avropa çempionatında ilk dəfə medal qazanmışdı. Amma görünür, federasiyamız bunu fərqli qiymətləndirir və milli komandada mənə yer tapılmadı. İndi isə doğma idman növümdə tələbat olmadığı üçün ailəmi dolandırmaq məqsədilə tamamilə başqa işlə məşğul olmağa məcburam", - deyə Nizami Paşayev bildirib.
