Firdovsi Umudov: “Ağırlıqqaldıranlarımız 2025-ci ildə beynəlxalq yarışlarda 31 medal qazanıblar”

Xəbərlər
25 Dekabr 2025 17:21
56
Firdovsi Umudov: “Ağırlıqqaldıranlarımız 2025-ci ildə beynəlxalq yarışlarda 31 medal qazanıblar”

Azərbaycan ağırlıqqaldıranları 2025-ci ildə beynəlxalq yarışlarda 31 medal qazanıblar.

Bunu Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov deyib.

O, mükafatların səkkizinin qızıl, 15-nin gümüş, səkkizinin bürünc olduğunu söyləyib.

“Cari ilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən möhtəşəm qala mərasimi ilə yekun vuruldu. Nazir Fərid Qayıbov çıxışında qızıl əyarlı medalların rekord sayına diqqət çəkdi. Təbii ki, bu, idmana dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir. Bütün uğurlar Prezident İlham Əliyevin bu sahədə illər öncə atdığı möhkəm təməllər üzərində dayanır. Sevindirici haldır ki, atletimiz İsa Rüstəmov da Gənclər və İdman Nazirliyinin keçirdiyi mərasimdə “Ən yaxşı”lar siyahısında yer aldı. İsa cari ildə iştirak etdiyi Avropa çempionatında biri qızıl olmaqla 3 medal, İslam Həmrəyliyi Oyunlarında isə biri gümüş olmaqla üç medal qazandı. Ümumilikdə isə İslam Həmrəyliyi Oyunlarında 11 medal əldə etdik. Bu, Azərbaycan ağırlıqqaldırma idmanı tarixində rekord medal sayıdır. 15 yaşlı Nuray Əbilovanın əldə etdiyi bürünc mükafatı isə xüsusi qeyd etməliyəm. Deməli, yeniyetmə və gənc idmançılara etimad göstərməklə doğru addım atmışıq. Digər idmançımız, 19 yaşlı Ravin Alməmmədov Avropa birinciliyinin rekordunu müəyyənləşdirdi və himnimizi səsləndirdi. Bu kateqoriyada sonuncu dəfə qızıl medal 10 il əvvəl qazanılmışdı. Nəticədə idmançılarımız bu il beynəlxalq yarışlarda səkkiz qızıl, 15 gümüş və səkkiz bürünc medala sahib oldular”, - deyə o, “Report”a açıqlamasında bildirib.

AAF rəsmisinin sözlərinə görə, 2025-ci il əldə olunan idman uğurları ilə yanaşı, təşkil etdikləri tədbirlərlə də yadda qalıb:

“Federasiya prezidenti Kamran Nəbizadənin rəhbərliyi ilə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Mərkəzi statusunu daşıyan Bakıda qitənin 20-dən artıq ölkəsinin təmsil olunduğu beynəlxalq vebinar təşkil olundu. Vebinarda 20-dən artıq ölkədən 89 mütəxəssis iştirak etdi. Bu il beynəlxalq əlaqələrimizin inkişafı istiqamətində də vacib addımlar atdıq. Federasiya olaraq məqsədimiz Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının strukturunda təmsil olunmaq idi. 200-ə yaxın üzv ölkənin bir araya gəldiyi Beynəlxalq Ağırlıqqaldırma Federasiyasında “Məsləhət qrupu”na üzv seçilməyim bizə olan etimadın göstəricisi kimi qiymətləndirilməlidir. Düşünürəm ki, uğurlu bir ili geridə qoyduq. Amma hədəflərimiz böyükdür. Azərbaycan idmanının inkişafı naminə əlimizdən gələni əsirgəməyəcəyik. İnanıram ki, növbəti il həm təşkilatıçılıq, həm də yarışlarda qazanılan nəticələr baxımından daha məhsuldar olacaq”.

İdman.Biz