FIFA 2026-cı il dünya çempionatının mükafat fondunu açıqlayıb.
İdman.Biz bildirir ki, mundialın ümumi mükafat fondu 727 milyon ABŞ dolları təşkil edəcək.
Bu məbləğin 655 milyon dolları çempionatda iştirak edəcək 48 milli komanda arasında bölünəcək. Bu isə əvvəlki turnirlə müqayisədə təxminən 50 faiz çoxdur.
Çempionatın qalibi 50, finalda məğlub olan 33, üçüncü yerin sahibi 29, dördüncü yeri tutan komanda 27 milyon dollar qazanacaq. 5-8-ci yerlər üçün 19, 9-16-cı yerlər üçün 15, 17-32-ci yerlər üçün 11, 33-48-ci yerlər üçün 9 milyon dollar mükafat veriləcək.
Bundan əlavə, turnirə vəsiqə qazanan hər bir yığmaya hazırlıq xərclərinin qarşılanması üçün 1,5 milyon dollar ayrılacaq. Beləliklə, DÇ-2026-nın bütün iştirakçılarına ən azı 10,5 milyon dollar ödəniləcək.
Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Xatırladaq ki, Argentina 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qalib gəldiyinə görə 42 milyon, Fransa millisi isə Rusiyadakı turnirdə çempion olduqdan sonra 38 milyon dollar qazanıb.
