DÇ-2026-nın seçmə mərhələsində Ukrayna (13 noyabr) və Azərbaycan (16 noyabr) ilə qarşılaşacaqları oyunlardan əvvəl Fransa millisinin baş məşqçisi Didye Deşam yarımmüdafiəçi N'Qolo Kantenin komanda üçün əhəmiyyətindən danışıb.
İdman.Biz bildirir ki, 34 yaşlı fransız 2023-cü ildən bəri Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasında oynayır.
“Onunla əlaqə saxlayıram. İzlədiyim matçlarda o, oyununun zirvəsində olub. Kante hər üç-dörd gündən bir meydana çıxır. O, hələ də potensial olaraq start heyətində ola bilər və onun çağırılması buna sübutdur.
O, mövqeyini qorumalıdır; müəyyən statusu və təcrübəsi var. Onu çağıranda onu sadəcə komandanın bir hissəsi etmək yox, ona rol vermək istəyirəm. Bu potensial həlledici matçda bizi nə gözlədiyini nəzərə alsaq, mən daim onun haqqında düşünürəm. Məşqçilər heyəti və mən onu izləyirik və o, həmişə milli komandanın formasını geyinməkdən məmnundur”, - Goal.com Deşamdan sitat gətirir.
Kante bu mövsüm Səudiyyə Ərəbistanında yeddi oyun keçirib və bir qol vurub.
