“Makkabi Təl-Əviv” futbol klubu “Aston Villa” ilə Avropa Liqası matçı üçün azarkeşlərinə bilet verməkdən imtina etmək qərarına gəldiyini açıqlayıb.
İdman.Biz bildirir ki, noyabrın 6-da Birminhemdəki “Villa Park”da Avropa Liqası çərçivəsində “Aston Villa” – “Makkabi Təl-Əviv” oyunu keçiriləcək.
“Azarkeşlərimizin rifahı və təhlükəsizliyi hər şeydən önəmlidir. Acı təcrübəyə əsaslanaraq, “Aston Villa” ilə səfər matçımıza qatılmaq istəyən azarkeşlərin bütün müraciətlərini rədd etmək qərarına gəldik. Qərarımız bu kontekstdə başa düşülməlidir”, - klubun rəsmi saytındakı bəyanatda deyilir.
Qərar Böyük Britaniya hökumətinin müdaxiləsinə baxmayaraq qəbul edilib.
Xatırladaq ki, Birminhem klubu tamaşaçıların və yerli sakinlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar, həmçinin İsrailin siyasətinə etirazlardan qorxduğu üçün “Makkabi”nin azarkeşlərini beynəlxalq matça buraxmaqdan imtina edib.