Ukrayna səfər oyununda İslandiyaya qalib gəlib

Xəbərlər
11 Oktyabr 2025 01:03
34
Ukrayna səfər oyununda İslandiyaya qalib gəlib

DÇ-2026-nın Avropa seçmə mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycanla eyni qrupda yarışan İslandiya və Ukrayna arasında matç başa çatıb.

İdman.Biz bildirir ki, oyun İslandiyanın Reykyavik şəhərindəki “Lauqardalsvöllur” stadionunda baş tutub. Qonaqlar 5:3 hesabı ilə qələbə qazanıblar.

“Cenoa”nın yarımmüdafiəçisi Ruslan Malinovski matçda ilk qolu 14-cü dəqiqədə vurub. Onun komanda yoldaşı Mikael-Egil Ellertsson 35-ci dəqiqədə hesabı bərabərləşdirib. 45-ci dəqiqədə Aleksey Qutsulyak qonaqları hesabda önə çıxarıb, əlavə olunmuş ilk dəqiqədə Malinovski ikinci qolunu vurub.

“Fiorentina”nın hücumçusu Albert Qudmundsson ikinci hissədə hesab arasındakı fərqi azaldıb, 75-ci dəqiqədə isə o, hesabı bərabərləşdirib. İvan Kalyujnının 85-ci və Oleq Oçeretkonun 88-ci dəqiqədə vurduqları qollar Ukrayna komandasının qələbəsini təmin edib.

Bu oyundan sonra İslandiya 3 xalla D qrupunun turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Ukrayna dörd xalla ikincidir. Fransa 9 xalla qrupun lideridir. Azərbaycan millisinin isə 1 xalı var.

İdman.Biz