İspaniyanın “Barselona” futbol komandasının hücumameylli yarımmüdafiəçisi Dani Olmonun çiynindən əməliyyat olunacağı təqdirdə ən azı dörd ay meydanlardan kənar qalacağı, hətta bütün mövsümü və dünya çempionatını buraxa biləcəyi ortaya çıxıb.
İdman.Biz xəbər verir ki, “Diario Sport” nəşrinin məlumatına görə, məhz bu yüksək risk səbəbindən klub cərrahi müdaxilədən imtina edərək maksimal ehtiyatlı davranmaq və kompleks, konservativ bərpa proqramı tətbiq etmək qərarına gəlib. Məqsəd mümkün geriləmələrin və futbolçunun karyerasına ciddi zərər vura biləcək fəsadların qarşısını almaqdır.
Məlumata görə, Dani Olmonun əsas hədəfi yalnız tam hazır vəziyyətdə, yeni zədə riski olmadan meydana qayıtmaq və mövsümün həlledici mərhələsində ən yaxşı formasını nümayiş etdirməkdir. Klub da futbolçunun tələsdirilməsinə qəti şəkildə qarşı çıxır.
