Yamal Messinin qarşısında: İspaniya və Argentina dünya çempionluğu uğrunda üz-üzə gələcəklər - İDMAN.BİZ-İN TƏHLİLİ

16 İyul 2026 01:33
75
Yamal Messinin qarşısında: İspaniya və Argentina dünya çempionluğu uğrunda üz-üzə gələcəklər - İDMAN.BİZ-İN TƏHLİLİ

Futbol üzrə 2026-cı il dünya çempionatının finalında İspaniya və Argentina milliləri üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, həlledici qarşılaşma iyulun 19-da Nyu-Cersi ştatının İst-Raterford şəhərindəki “MetLife” arenasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu final təkcə dünya futbolunun ən nüfuzlu kuboku uğrunda mübarizə olmayacaq. Meydanda müxtəlif nəsilləri, fərqli futbol məktəblərini və müasir milli futbolun ən uğurlu iki layihəsini təmsil edən komandalar qarşılaşacaq.

İspaniya Dünya Kubokunu yenidən Avropaya qaytarmağa və tarixində ikinci dəfə dünya çempionu olmağa çalışacaq. Argentina isə 2022-ci ildə Qətərdə qazandığı titulu qorumaq və dördüncü dünya çempionluğunu əldə etmək üçün meydana çıxacaq.

Tarixdə ilk belə final

İspaniya və Argentina indiyədək heç vaxt dünya çempionatının finalında qarşılaşmayıblar.

Ümumiyyətlə, bu komandalar dünya çempionatlarında cəmi bir dəfə üz-üzə gəliblər. Bu, 1966-cı ildə İngiltərədə keçirilən mundialın qrup mərhələsində baş verib və Argentina 2:1 hesabı ilə qalib gəlib. Beləliklə, qarşıdakı oyun dünya çempionatları tarixində bu iki komandanın cəmi ikinci, pley-off mərhələsində isə ilk dueli olacaq.

Onların ümumi qarşıdurma tarixində də yaddaqalan məqamlar az olmayıb. Ən parlaq oyunlardan biri 2018-ci ilin martında Madriddə baş tutub. Həmin vaxt Xulen Lopeteginin rəhbərlik etdiyi İspaniya Argentinanı 6:1 hesabı ilə darmadağın etmiş, İsko het-trik müəllifi olmuşdu. Lakin Lionel Messi zədə səbəbindən həmin görüşdə iştirak etməmişdi. Maraqlıdır ki, bir neçə ay sonra Rusiyada keçirilən dünya çempionatında hər iki komanda gözləniləndən zəif çıxış etmişdi.

O vaxtdan bəri isə hər şey dəyişib. İspaniya tamamilə yeni nəslə söykənən kollektiv formalaşdırıb, Argentina isə yalnız Messidən asılı olan komandadan Lionel Skaloninin rəhbərliyi altında son dərəcə balanslı və psixoloji baxımdan möhkəm kollektivə çevrilib.

Baş tutmayan Finalissima indi dünya çempionatının finalına çevrildi

Bu qarşılaşmanın daha bir maraqlı tərəfi var.

Argentina 2024-cü ildə Amerika Kubokunu, İspaniya isə Avropa çempionatını qazanmışdı. Buna görə də komandalar qitə çempionları arasında keçirilən Finalissima matçında qarşılaşmalı idilər.

Bu oyun əvvəlcə 2026-cı ilin martında Lusaildə keçirilməli idi. Lakin müxtəlif səbəblərdən baş tutmadı. İndi isə Avropa və Cənubi Amerika çempionları simvolik kubok uğrunda deyil, dünya futbolunun ən böyük mükafatı uğrunda mübarizə aparacaqlar.

Beləliklə, futbol azarkeşlərinin uzun müddətdir gözlədiyi İspaniya – Argentina dueli baş tutacaq. Sadəcə bu dəfə onun dəyəri və əhəmiyyəti qat-qat böyük olacaq.

İspaniya 16 ildən sonra yenidən finalda

Bu, İspaniya millisinin dünya çempionatları tarixində ikinci finalı olacaq.

2010-cu ildə Visente del Boskenin komandası Andres İnyestanın əlavə vaxtdakı qolu sayəsində Niderlandı məğlub edərək tarixində ilk dəfə dünya çempionu olmuşdu.

Bundan sonra isə ispan futbolunda nəsil dəyişikliyi başladı. Komanda 2014-cü ildə qrupdan çıxa bilmədi, 2018 və 2022-ci illərdə isə 1/8 final mərhələsində mübarizəni dayandırdı.

Lakin Luis de la Fuente yeni İspaniya qurmağı bacardı. O, topa nəzarət ənənəsini qorusa da, komandanı daha sürətli, daha şaquli və daha aqressiv futbol oynayan kollektivə çevirdi.

Əvvəlcə İspaniya Millətlər Liqasını, daha sonra AVRO-2024-ü qazandı. İndi isə dünya çempionatının finalına yüksələrək həm Avropa, həm də dünya çempionu olmaq imkanı əldə edib.

Bu komandanın əsas üstünlüyü balansdır. Rodri, Fabian Ruiz və Dani Olmo vasitəsilə oyuna nəzarət edən ispanlar eyni zamanda Lamin Yamal və Niko Uilyamsın sürəti hesabına rəqib müdafiəsini parçalaya bilirlər.

Ən vacibi isə budur ki, indiki İspaniya yalnız top saxlamaqla kifayətlənmir. Lazım gələndə daha praqmatik futbol oynamağı və minimum imkanla nəticə əldə etməyi də bacarır.

İspaniyanın yolu: nəzarət və möhkəm müdafiə

İspaniya H qrupunu birinci pillədə başa vurduqdan sonra pley-offda inamlı çıxışını davam etdirib.

1/16 finalda Avstriya 3:0 hesabı ilə məğlub edildi. Ardınca Portuqaliya minimal hesabla – 1:0 yenildi. 1/4 finalda Belçika üzərində 2:1 hesablı qələbə qazanıldı.

Yarımfinal isə turnirin ən yetkin oyunlarından biri oldu. İspaniya Fransa millisini 2:0 hesabı ilə məğlub etdi. Mikel Oyarzabal Lamin Yamalın qazandırdığı penaltini dəqiq yerinə yetirdi, Pedro Porro isə fasilədən sonra yekun nəticəni müəyyənləşdirdi.

Bu görüşdə ispanlar Kilian Mbappe və Usman Dembelenin sürətini tam neytrallaşdıraraq rəqibə boş məkan buraxmadılar.

Komandanın ən böyük üstünlüklərindən biri müdafiə etibarlılığıdır. İspaniya yarımfinaladək cəmi bir qol buraxıb və altı oyunda qapısını toxunulmaz saxlayıb.

Argentina tarixi uğurun astanasında

Argentina dünya çempionatları tarixində yeddinci dəfə finalda oynayacaq.

"Albiseleste" 1978, 1986 və 2022-ci illərdə dünya çempionu olub, 1930, 1990 və 2014-cü illərdə isə finalda məğlub olub.

İspaniya üzərində qələbə Argentinaya dördüncü dünya çempionluğunu qazandıracaq və komanda titulların sayına görə Almaniya və İtaliyaya çatacaq. Bu halda yalnız Braziliya beş çempionluqla öndə qalacaq.

Bundan əlavə, Argentina 64 ildən sonra dünya çempionluğunu qoruyan ilk komanda ola bilər. Sonuncu dəfə bunu Braziliya 1958 və 1962-ci illərdə bacarmışdı.

Skaloninin komandası son illərin ən uğurlu milli komandası sayılır. Onlar Amerika Kubokunu iki dəfə, Finalissimanı və dünya çempionatını qazanaraq artıq bütöv bir qalibiyyət dövrü formalaşdırıblar.

Bu uğurun əsas səbəbi təkcə Messi deyil. Argentina müxtəlif oyun üslublarında çıxış etməyi bacaran, lazım gəldikdə topa sahib olan, lazım gəldikdə isə rəqibi gözləyən son dərəcə çevik komandaya çevrilib.

Argentinanın yolu: xarakter hesabına

Argentina J qrupunu lider tamamladı və pley-offa maksimum nəticə ilə yüksəldi.

1/16 finalda komanda yalnız əlavə vaxtda Kabo-Verdeni 3:2 hesabı ilə məğlub etdi. Daha sonra Misir də eyni hesabla yenildi.

İsveçrə ilə 1/4 final görüşü də əlavə vaxta qədər uzandı və Argentina 3:1 hesablı qələbə qazandı.

Yarımfinal İngiltərəyə qarşı oldu. İngilislər Entoni Qordonun qolu ilə hesabı açsalar da, Enso Fernandes tarazlığı bərpa etdi. Daha sonra Argentina daha bir əzmkar qələbə qazanaraq finala yüksəldi.

İspaniya turniri demək olar ki, böhransız keçirdiyi halda, Argentina bir neçə dəfə çətin vəziyyətdən çıxmalı olub. Bu, futbolçulardan daha çox fiziki güc tələb etsə də, komandanın özünəinamını daha da artırıb.

Messi və Yamal – iki nəslin qarşıdurması

Finalın əsas simvolu Lionel Messi ilə Lamin Yamalın duelidir.

Onların arasında 20 yaş fərqi var. Messi "Barselona" akademiyasının yetirməsi kimi dünya futbolunun əfsanəsinə çevrilib. Yamal isə həmin məktəbin yeni simvolu hesab olunur və gələcəyin ən böyük ulduzlarından biri kimi göstərilir.

Turnirdən əvvəl əsas sual 39 yaşlı Messinin mundialın tempinə tab gətirib-gətirməyəcəyi idi. O isə buna meydanda cavab verdi və yenə də komandasının əsas lideri olduğunu nümayiş etdirdi.

Yamal isə cəmi 19 yaşında olmasına baxmayaraq, artıq İspaniyanın hücumlarının əsas hərəkətverici qüvvəsinə çevrilib. Onun sürəti, driblinqi və cəsarəti rəqib müdafiələr üçün ən böyük problemlərdən biridir.

Bu final təkcə kubok uğrunda deyil, həm də futbolun iki dövrü arasında rəmzi qarşılaşma olacaq. Biri artıq tarix yazmış əfsanə, digəri isə yeni tarixin başlanğıcıdır.

İdman.Biz