FIFA Argentina millisinə güzəştə getdi - VİDEO

10 İyul 2026 10:53
56
FIFA Argentina millisinə güzəştə getdi - VİDEO

Argentina futbol millisinin DÇ-2026-nın 1/8 finalından sonrakı hərəkətləri ilə bağlı intizam işi açılmayacaq.

İdman.Biz “Daily Mail”ə istinadən xəbər verir ki, FIFA Folklend adalarının adı çəkilən mahnıya görə Argentina Futbol Assosiasiyasına sanksiya tətbiq etməyi planlaşdırmır.

Argentina millisinin futbolçuları Misir üzərində 3:2 hesablı qələbədən sonra paltardəyişmə otağında yeni mahnı oxuyublar. Komandanın rəsmi sosial şəbəkə hesabında da yayımlanan görüntülər müzakirələrə səbəb olub.

Mahnının mətnində Dieqo Maradonanın 1994-cü ildə ABŞ-də keçirilən dünya çempionatından uzaqlaşdırılması, həmin turnirdəki məğlubiyyətin əvəzinin çıxılması və Folklend adaları ilə bağlı ifadələr yer alıb.

Məlumata əsasən, FIFA baş verənlərlə əlaqədar araşdırma aparmayacaq. Bununla da Argentina Futbol Assosiasiyası hər hansı cərimə və ya digər intizam sanksiyası ilə üzləşməyəcək.

Qeyd edək ki, Argentina və Böyük Britaniya arasında Folklend adaları ilə bağlı uzunmüddətli mübahisə mövcuddur. 1982-ci il aprelin 2-də başlayan hərbi münaqişə iyunun 14-də Argentinanın məğlubiyyəti ilə başa çatıb.

Argentina və İngiltərə milliləri DÇ-2026-nın yarımfinalında qarşılaşa bilərlər. Bunun üçün 1/4 finalda Argentina İsveçrəni, İngiltərə isə Norveçi məğlub etməlidir.

İdman.Biz