Kolumbiyanın futbolçusunu bu zərbəyə görə öldürmək istəyirlər - VİDEO

10 İyul 2026 11:35
53
Kolumbiyanın futbolçusunu bu zərbəyə görə öldürmək istəyirlər - VİDEO

Futbol üzrə Kolumbiya millisinin yarımmüdafiəçisi Jaminton Kampas komandası DÇ-2026-dan kənarlaşdıqdan sonra ölüm təhdidləri aldığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, 26 yaşlı futbolçu İsveçrə ilə keçirilən 1/8 final matçından sonra sosial şəbəkələrdə hədələyici paylaşımlarla üzləşib.

Kampas qarşılaşmanın 116-cı dəqiqəsində qapıçı Qreqor Kobellə üzbəüz vəziyyətdə topu qapının üzərindən vuraraq Kolumbiyanın ən real qol imkanlarından birini qaçırıb. Əlavə vaxtı 0:0 hesabı ilə başa çatan görüşdə İsveçrə penaltilər seriyasında 4:3 hesabı ilə qalib gəlib. Kampas öz penalti zərbəsini dəqiq yerinə yetirsə də, bəzi azarkeşlər məğlubiyyətə görə onu günahlandırıblar.

Argentinanın “Rosario Sentral” futbol komandasında çıxış edən oyunçu təhdidlərdən sonra Kolumbiyadakı doğma şəhərinə və ailəsinin yaşadığı bölgəyə getməyib.

“Fərqli düşünə, məyusluq və kədər hiss edə bilərik. Amma heç bir ehtiras nifrətə və qorxu içində yaşamağa haqq qazandırmır”, - deyə Kampas sosial şəbəkə hesabında yazıb.

O, Kolumbiya millisinin formasını geyinmək üçün əlindən gələni etdiyini və qaçırdığı qol imkanına görə təəssüfləndiyini bildirib.

Hadisə Kolumbiya futbolunun faciəli keçmişini də yenidən gündəmə gətirib. Kolumbiya millisinin müdafiəçisi Andres Eskobar DÇ-1994-də ABŞ ilə oyunda avtoqol vurduqdan və komanda turnirdən kənarlaşdıqdan 10 gün sonra Medellində güllələnərək öldürülüb.

İdman.Biz