DÇ-2026: İspaniya Uruqvayı məğlub edərək lider kimi pley-offa çıxdı - VİDEO

27 İyun 2026 06:17
141
DÇ-2026: İspaniya Uruqvayı məğlub edərək lider kimi pley-offa çıxdı

İspaniya futbol millisi DÇ-2026-nın H qrupunda son oyununu qələbə ilə başa vurub.

İdman.Biz xəbər verir ki, ispanlar üçüncü turda ikiqat dünya çempionu Uruqvay yığmasını 1:0 hesabı ilə məğlub ediblər. Meksikanın Sapopan şəhərindəki Akron stadionunda keçirilən görüşdə yeganə qolu 42-ci dəqiqədə Aleks Baena vurub.

Uruqvay üçün oyun xoşagəlməz epizodlarla da yadda qalıb. Birinci hissənin sonunda Manuel Uqarte mərkəzdəki mübarizədən sonra zədələnib və xərəkdə meydanı tərk edib. Fasilədə isə buraxılan qolda səhvə yol verən Fernando Muslera əvəzlənib. Qarşılaşmanın əlavə olunmuş vaxtında Aqustin Kanobbio qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub və Cənubi Amerika təmsilçisinin son ümidləri də puça çıxıb.

Bu nəticədən sonra İspaniya yeddi xalla H qrupunu lider kimi tamamlayıb. Uruqvay isə iki xalla üçüncü pillədə qalıb. Qrupda Kabo-Verde üç xalla ikinci, Səudiyyə Ərəbistanı isə iki xalla dördüncü olub.

İspaniya pley-offda J qrupunun ikincisi ilə qarşılaşacaq. Uruqvay isə qrup üçüncüsü kimi pley-offa çıxacaq ən yaxşı səkkiz komandadan biri olmaq şansını itirərək mundialla vidalaşıb.

İdman.Biz