Tuxel DÇ-2026-nın su fasilələri ilə bağlı açıqlama verib

23 İyun 2026 09:28
105
Tuxel DÇ-2026-nın su fasilələri ilə bağlı açıqlama verib

Futbol üzrə İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel dünya çempionatındakı su fasilələrinin oyuna gözlədiyindən daha çox təsir etdiyini bildirib.

İdman.Biz xəbər verir ki, alman mütəxəssis bu barədə BBC-yə danışıb.

"İndi düşünürəm ki, bu fasilələr oyuna əvvəlcə təsəvvür etdiyimdən daha çox təsir edir. Əvvəllər də həqiqətən güclü istilərin olduğu matçlarda belə fasilələr olurdu. Bu, zəruri idi, lakin həmin fasilələr daha qısa çəkirdi. Üstəlik, yalnız bir neçə oyunda tətbiq edilirdi. İndi isə ədalət naminə bu, hər matçda baş verir. Beləliklə, oyun dörd hissəyə bölünür. Bu da qarşılaşmanın xarakterini düşündüyümdən daha çox dəyişir", – deyə Tuxel bildirib.

Qeyd edək ki, DÇ-2026-da hər hissənin ortasında məcburi 3 dəqiqəlik su fasilələri tətbiq olunur. FIFA daha əvvəl açıqlamışdı ki, bu prosedur AVRO-2028 oyunlarında istifadə edilməyəcək.

İdman.Biz