Almaniya millisinin futbolçusu Niko Şlotterbek DÇ-2026-da ciddi zədə təhlükəsi ilə üzləşib.
İdman.Biz xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Dortmund “Borussiya”sının müdafiəçisi E qrupunun ikinci turunda Kot-d'İvuara qarşı keçirilən və Almaniyanın 2:1 hesabı ilə qalib gəldiyi matçın 13-cü dəqiqəsində topuğundan zədə alıb.
Mənbənin məlumatına görə, Şlotterbek fasiləyə qədər ağrıkəsicilərin köməyi ilə oyuna davam edib. Fasilədən sonra onu Antonio Rüdiger əvəzləyib.
26 yaşlı müdafiəçinin bu gün MRT müayinəsindən keçəcəyi gözlənilir. Müayinə zədənin dəqiq ağırlığını müəyyənləşdirəcək.
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann oyundan sonra Şlotterbekdə topuq nahiyəsində bağ zədəsindən şübhələndiyini bildirib.
“Nikonun bağ zədəsi aldığından şübhələnirik. Vəziyyət yaxşı görünmür”, - deyə mütəxəssis qeyd edib.
Qeyd olunur ki, Şlotterbek zədəyə görə dünya çempionatının qalan hissəsini buraxa bilər.
