Kabo-Verde futbol millisinin müdafiəçisi Roberto Lopesin beynəlxalq karyerası cavabsız qalan bir “LinkedIn” mesajı ilə başlayıb.
İdman.Biz xəbər verir ki, İrlandiyada doğulan və bütün klub karyerasını bu ölkədə keçirən futbolçu bir neçə il əvvəl sosial şəbəkə üzərindən portuqal dilində mesaj alıb.
Lopes göndərilən məktubu spam hesab etdiyi üçün ona cavab verməyib. Doqquz ay sonra isə futbolçuya bu dəfə ingilis dilində yeni mesaj göndərilib və əvvəlki təklif barədə düşünüb-düşünmədiyi soruşulub.
Müdafiəçi yalnız bundan sonra ilk mesajı tərcümə edib:
“Yalnız həmin vaxt əvvəldən etməli olduğum işi gördüm və ilk mesajı “Google” vasitəsilə tərcümə etdim. Orada belə yazılmışdı: “Kabo-Verde millisi üçün futbolçular axtarırıq. Maraqlanardınız?”.
Müraciəti Kabo-Verde millisinin həmin vaxtkı baş məşqçisi Rui Aquas göndərib. Mütəxəssis daha sonra Lopesin klubu ilə əlaqə yaratmaqda çətinlik çəkdikləri üçün futbolçuya birbaşa yazdıqlarını açıqlayıb.
Atası Kabo-Verdedən olan Roberto Lopes təklifi qəbul etdikdən sonra lazımi sənədləri hazırlayıb və 2019-cu ildə milli komandada debüt edib. O, qısa müddətdə komandanın müdafiə xəttinin əsas üzvlərindən birinə çevrilib.
“LinkedIn”də spam hesab edilən mesajla başlayan hekayə futbolçunu DÇ-2026-ya qədər aparıb. Lopes Kabo-Verdenin mundial tarixindəki ilk oyununda meydana çıxıb və İspaniya ilə qarşılaşmanın 0:0 hesabı ilə başa çatmasında mühüm rol oynayıb.
