Bu gün futbol üzrə dünya çempionatı start götürür.
İdman.Biz bildirir ki, Meksika, ABŞ və Kanadada keçiriləcək çempionatda 48 milli komanda kubok uğrunda mübarizə aparacaq.
Bəs 48 millinin uğrunda mübarizə aparacağıq Dünya çempionatı kuboku neçəyə başa gəlir? Bilməyənlər üçün qeyd edək ki, 2006-cı ildən etibarən əsl kubok mükafatlandırma mərasimindən dərhal sonra qaliblərdən geri alınır və onlara daimi saxlanılması üçün dəqiq surəti təqdim olunur. Bundan əvvəl isə orijinal kubok növbəti dünya çempionatına qədər, yəni 4 il müddətində çempion komandada qalırdı.
Hazırkı Dünya çempionatı kuboku isə ilk dəfə 1974-cü ildə təqdim olunub. Onun müəllifi italiyalı heykəltəraş Silvio Qazzaniqadır. Kubokun ümumi çəkisi təxminən 6 kiloqramdır və bunun 5 kiloqramı 18 əyarlı qızıldan ibarətdir. Bununla belə, kubokun içi boşdur. Əks halda onun çəkisi təxminən 70 kiloqram olardı. Belə bir kuboku qaldırmaq isə heç də asan olmazdı.
Bəs qiyməti nə qədərdir?
Əgər kimsə kuboku əridib yalnız qızılı satmaq istəsə, onun dəyəri təxminən 700 min dollar təşkil edər. Lakin kubokun tarixi və simvolik əhəmiyyəti nəzərə alınanda qiyməti qat-qat artır. Müstəqil ekspertlər Dünya Kubokunu ən azı 10 milyon dollar dəyərində qiymətləndirirlər. Təbii ki, onu satmaq fikrində olan yoxdur.
Əsas odur ki, onun taleyi əvvəlki kubok – Jül Rime Kubokunun aqibətini yaşamasın. Bu kubok 1970-ci ildə üçüncü dəfə dünya çempionu olduqdan sonra Braziliyaya daimi saxlanılması üçün verilmişdi. Lakin 13 il sonra kubok ölkənin futbol konfederasiyasının ofisindən oğurlandı. Günahkarlar sonradan tapılsa da, kubokun özü heç vaxt geri qaytarılmadı.
Maraqlıdır ki, onun əridildiyi də çox inandırıcı görünmür. Çünki Jül Rime Kuboku qızıl örtüklü gümüşdən hazırlanmışdı və metal kimi böyük dəyərə malik deyildi. Buna görə də ehtimal olunur ki, məşhur kubok bu gün də kiminsə gizli kolleksiyasında saxlanılır.
