Mərakeş qadın futbol millisinin yarımmüdafiəçisi Yasmin Mrabet Afrika Millətlər Kubokunda Seneqalla oyunda eyni penaltidən iki dəfə yararlana bilməyib.
İdman.Biz xəbər verir ki, Mərakeş millisi qarşılaşmanın 69-cu dəqiqəsində penalti vurmaq hüququ qazanıb. Mrabetin ilk zərbəsini Seneqalın 18 yaşlı qapıçısı Adji Ndiaye dəf edib.
Lakin videotəkrardan sonra qolkiperin zərbə vurulan anda qapı xəttini vaxtından əvvəl tərk etdiyi müəyyənləşdirilib. Baş hakim penaltinin təkrar yerinə yetirilməsinə qərar verib.
Topun arxasına yenidən Mrabet keçib. Mərakeşli futbolçu ikinci cəhddə də zərbəni əvvəlki istiqamətə yönəldib və Ndiaye topu növbəti dəfə dəf edib.
Afrika Millətlər Kubokunun A qrupunda keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Mərakeş yeddi xalla qrup lideri kimi 1/4 finala yüksəlib. Seneqal isə dörd xalla üçüncü yeri tutaraq turnirdə mübarizəni dayandırıb.
