Xizək sürmə üzrə dünya kubokunun mərhələ yarışında dəhşətli qəza baş verib. Norveçli əfsanəvi idmançı Yohannes Klaebo sprint yarışı zamanı aldığı zədə səbəbindən xəstəxanaya yerləşdirilib.
İdman.Biz xəbər verir ki, insident eniş zamanı yaşanıb. Amerikalı Ben Oqdenin ehtiyatsızlıqdan Klaebonun xizəyinin üzərinə çıxması nəticəsində norveçli idmançı müvazinətini itirərək yerə yıxılıb. Başının arxa hissəsini bərk vuran Yohannes uzun müddət ayağa qalxa bilməyib.

Milli komandanın həkimi Uve Feragen idmançının durumu ilə bağlı rəsmi açıqlama verib:
“Klaebo şənbə günü Holmenkollendə keçiriləcək 50 kilometrlik yürüşdə iştirak etməyəcək. Onun ABŞ-də baş tutacaq dünya kubokunun final mərhələsinə qatılıb-qatılmayacağı barədə danışmaq hələ tezdir. Hazırda o, özünü nisbətən yaxşı hiss edir və müalicəsini davam etdirmək üçün Tronheymdəki evinə qayıdır”.

Qeyd edək ki, beyin silkələnməsi diaqnozu qoyulan Klaebo üçün cari mövsümün vaxtından əvvəl başa çatma ehtimalı olduqca yüksəkdir.
