“Şahdağ” Turizm Mərkəzində keçirilməsi planlaşdırılan dağ xizəyinin moqul növü üzrə Dünya Kuboku ləğv edilib.
İdman.Biz xəbər verir ki, bu barədə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) məlumat yayıb.
Bildirilib ki, hazırlıq prosesi zamanı məlum olub ki, mövcud təbii və qış şəraiti bu səviyyəli tədbir üçün gözlənilən keyfiyyəti və yarış mühitini təmin etmək üçün tam uyğun deyil:
“Eyni zamanda, məhdud səyahət seçimləri və bəzi regional hava limanlarında müvəqqəti məhdudiyyətlər də daxil olmaqla müəyyən logistika amilləri idmançılar və qonaqlar üçün səyahətin rahatlığına təsir göstərə bilər. Azərbaycan tədbirə ev sahibliyi etməyə tam hazır olsa da, həm Azərbaycan, həm də FIS üçün prioritet yarışı mümkün olan ən yaxşı şəraitdə təşkil etmək, idmançılar, komandalar, tamaşaçılar üçün ən yüksək səviyyəli təcrübəni təmin etməkdir. Buna görə “Şahdağ” Turizm Mərkəzində keçiriləcək moqul üzrə Dünya Kuboku finallarının təşkilini növbəti qış mövsümünə təxirə salmaq barədə birgə qərar qəbul edilib. Bu qərar təşkilatçılara optimal idman şəraitini təmin etməyə, həm Azərbaycanın, həm də FIS-in ambisiyalarını əks etdirən dünya səviyyəli bir tədbir keçirməyə imkan verəcək. Azərbaycan gələn mövsüm beynəlxalq qış idman ictimaiyyətini Şahdağda qarşılamağı səbirsizliklə gözləyir”.
Qeyd edək ki, yarış martın 14-15-də baş tutmalı idi.
