Ağırlıqqaldıranımız Avropa çempionu olub - 3 qızıl medal! - FOTO

Xəbərlər
16 İyun 2024 20:05
515
Ağırlıqqaldıranımız Avropa çempionu olub - 3 qızıl medal! - FOTO

Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmə ağırlıqqaldıranlar arasında Avropa birinciliyi davam edir.

İdman.biz xəbər verir ki, bu gün Azərbaycan millisinin daha iki idmançısı – Əbdülhüseyn Hüseynov və Kamran Xappayev körpücük üzərinə çıxıblar.

Onlar yaşı 15-ə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

Əbdülhüseyn toplam 207 kq (95+112) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.

Xappayev isə daha uğurlu çıxış edib. Atletimiz birdən qaldırma hərəkətində 102 kq çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.

O, eyni uğura təkanla qaldırma hərəkətində də nail olub. 125 kq-ı ram edən idmançı yenə də rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.
Kamran toplam 227 kq (102+125) nəticə ilə yekun sıralamada da bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, iyunun 24-də başa çatacaq Avropa birinciliyinə 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançı qatılıb. Yarışda millimizin heyətində daha öncə Nuray Əbilova (U-15, 40 kq) birdən qaldırma hərəkətində gümüş medal qazanıb.

İdman.biz