Bolqarıstan Ağır Atletika Federasiyasının (BAAF) prezidenti Stefan Botev təşkilatın müflis elan olunması ilə bağlı Sofiya Şəhər Məhkəməsinə müraciət edib.
İdman.Biz xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb.
BAAF-ın maliyyələşdirmə ilə bağlı problemlərinin yarandığı və federasiyanın 95 min avrodan çox vergi borcunu, eləcə də digər öhdəliklərini ödəyə bilmədiyi bildirilir.
Məhkəmə müflisləşmə iddiasını təmin edəcəyi təqdirdə, təşkilat lisenziyasından və bir il müddətinə dövlət maliyyələşməsindən məhrum olacaq. Bundan əlavə, ölkənin aparıcı idmançıları vətəndaşlıqlarını dəyişmək hüququ əldə edəcəklər.
Federasiya 2026-cı ilin əvvəlində Botevin 2025-ci il üzrə maliyyə hesabatını təqdim etməməsindən sonra maliyyələşdirmədən məhrum olub.
Ötən ilin dekabrında BAAF-ın Ümumi Yığıncağı Asen Zletevin yeni prezident seçilməsi barədə qərar qəbul edib. Lakin seçkilər məhkəmədə mübahisələndirilib.
