Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov Azərbaycanda işgüzar səfərdə olan Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrid Hasani ilə görüşüblər.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycanda nəinki ağırlıqqaldırmanın, ümumilikdə idmanın inkişafına dövlət tərəfindən böyük dəstəyin göstərildiyi qonağın diqqətinə çatdırılıb.
Bununla yanaşı, AAF-nin beynəlxalq əlaqələrin qurulmasına hər zaman xüsusi həssaslıqla yanaşdığı qeyd olunub. Avropa və dünyanın müxtəlif ölkələrini təmsil edən yığmaların vaxtaşırı Bakıda təlim-məşq toplanışı keçirdikləri diqqətə çatdırılıb.
Görüş zamanı təmiz idman prinsiplərinə nəzarətin gücləndirilməsi, eləcə də yeniyetmə və gənc idmançıların inkişafına diqqət ayrılması istiqamətində fikir mübadiləsi aparılıb.

