AAF-ın Ümumi Yığıncağı baş tutub - FOTO

Xəbərlər
15 Mart 2024 21:39
199
AAF-ın Ümumi Yığıncağı baş tutub - FOTO

Bu gün Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Ümumi Yığıncağı keçirilib.

İdman.biz xəbər verir ki, əldə olunan nəticələr və gələcək planlar müzakirə olunub.

Tədbirdə AAF-ın prezidenti Kamran Nəbizadə, vitse-prezidentlər Mirsəməd Mövsümzadə və Firdovsi Umudov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov, federasiyanın üzvləri, mütəxəssislər və digər qonaqlar iştirak ediblər.

Qurumun prezidenti Kamran Nəbizadə çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin idmana yüksək diqqət və qayğısı nəticəsində təmsilçilərimizin beynəlxalq arenalarda böyük uğurlar qazandığını bildirib. O, ağırlıqqaldırma idman növünə də verilən dəstək nəticəsində mütəmadi qələbələr əldə edildiyini vurğulayaraq, fevralın 12-20-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medala layiq görülən Dadaş Dadaşbəylinin nailiyyətini diqqətə çəkib. Nəbizadə federasiya tərəfindən nəticələrin daha da yaxşılaşdırılması üçün kütləviliyin artırılması və bunun xüsusilə regionlarda edilməsi, həmçinin ağırlıqqaldırmanın inkişafı istiqamətində bütün digər çalışmaların edildiyini, yeni klubların yaradılması, mövcud klublara dəstək verilməsi yolu ilə inkişaf xəttinin seçildiyini və bu yolda inamla irəlilədiklərini qeyd edib. AAF prezidenti Avropa və Beynəlxalq Ağırlıqqaldırma Federasiyaları ilə də əlaqələrin möhkəmləndirildiyini, xüsusilə antidopinq siyasəti məsələlərində həmrəy addımların atıldığını və bunun beynəlxalq qurumlar tərəfindən təqdir olunduğu bildirib.

Sonra gündəlikdəki məsələlərə keçilib və bir sıra qərarlar qəbul olunub. AAF-ın İdarə Heyətinin üzvləri Nihatbəy Məmmədli və Anar Hüseynovun işlərinin çoxluğu səbəbindən səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə müraciətə baxılıb. Ümumi Yığıncaq onların müraciətini qəbul edib və İdarə Heyətinin üzvü vəzifəsinə Maksim Cavadov və Fəxri Mehdiyev seçiliblər.

Daha sonra Nəzarət-Təftiş Komissiyasına seçkilər keçirilib. Gündüz Məmmədov quruma sədr, Bilal Məhərrəmov və Telman Şükürlü isə üzv seçiliblər.

Sonda federasiya üzvlərinin, ağırlıqqaldırma mütəxəssislərinin rəy və təklifləri dinlənilib, müzakirələr aparılıb.

İdman.biz