Ağırlıqqaldıranlarımız Avropa birinciliyindən 15 medalla Vətənə qayıdıb - FOTO

27 Avqust 2026 09:44
120
Ağırlıqqaldıranlarımız Avropa birinciliyindən 15 medalla Vətənə qayıdıb - FOTO

Ağırlıqqaldırma üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandası səhər saatlarında Vətənə qayıdıb.

İdman.Biz xəbər verir ki, Kosovonun Priştina şəhərində keçirilən Avropa birinciliyində 15 medal qazanan atletlərimiz Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli şəkildə qarşılanıblar.

Daha sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov, yığmanın baş məşqçisi Sərdar Həsənov və medalçılar media nümayəndələrinin suallarını cavablandırıblar.

AAF-ın vitse-prezidenti Firdovsi Umudov bildirib ki, komandanın əsas məqsədi beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etməkdir:

“11 idmançı ilə qatıldığımız Avropa birinciliyindən 15 medal gətirdik. Ötən il İspaniyada keçirilən yarışda medal sayımız 7 olmuşdu. Bu dəfə isə Nuray Əbilova, Məhəmməd Rüstəmli və Kamran Xappayev də Vətənə medalla qayıtdılar. Musab Məmmədtağıyev növbəti dəfə çempion oldu, özü də 17 kq fərqlə.

Biz hər bir idmançımıza inanırıq və hamısı üçün eyni şərait yaradılır. Beynəlxalq yarışda ölkəmizi təmsil etməkdən söhbət gedirsə, idmançının hansı bölgədən olmasının fərqi yoxdur. Burada qələbə dövlətimiz, bayrağımız və himnimiz üçündür.

Federasiyamız üçün nizam-intizam bütün nəticələrdən öndədir. Biz təsadüfi uğurlara deyil, sistemli işə köklənmişik”.

Yığmanın baş məşqçisi Sərdar Həsənov isə yarışa ciddi hazırlıq keçdiklərini vurğulayıb:

“Böyük məşqçimiz Asif Məmmədov və məşqçimiz Əfqan Bayramovla birgə idmançılarla fərdi şəkildə çalışdıq. Ötən il Madriddə 15 idmançı ilə 7 medal qazanmışdıq. Bu dəfə 11 atletlə iştirak etdik və 15 medal əldə etdik. Əsas məqsədimiz bu idmançıların inkişafını davam etdirməkdir. Onlar üçün hər şey hələ indi başlayır”.

Avropa birinciliyinin qalibi Musab Məmmədtağıyev 70 kq çəki dərəcəsində çıxış etdiyini bildirib:

“Ötən Avropa birinciliyi ilə müqayisədə çəkimi dəyişmişdim. Bu dəfə 70 kq-da çıxış etdim və yarış mənim üçün uğurlu oldu. Gələcək yarışlarda da körpücüyə qələbə üçün çıxacağam”.

Mükafatçı Nuray Əbilova isə bəzi səhvlərinə baxmayaraq, nəticədən razı qaldığını deyib:

“Bu yarışdır, bəzən hər şey plan üzrə getmir. Beynəlxalq yarış olsa da, həyəcanlı deyildim. Sadəcə, bəzi səhvlərim oldu. Onların üzərində işləyib düzəldəcəyik”.

Digər mükafatçı İsa Hüseynov çıxışını daha yaxşı edə biləcəyini qeyd edib:

“Nəticə istədiyim kimi oldu, amma bunu maksimum nəticə saymıram. Daha yaxşı çıxış etmək olardı. İndi bu nəticələri unudub növbəti yarışlara hazırlaşmaq istəyirəm. Məşqçilərimizə minnətdaram”.

Fəxrəddin Allahverdiyev isə təkanla qaldırma hərəkətində son yanaşmada texniki səhvə yol verdiyini bildirib:

“Kiçik texniki səhvə yol verdim. Amma bu, mənim ilk beynəlxalq yarışım idi və böyük təcrübə qazandım. Əsas odur ki, Vətənə medallarla qayıtdıq”.

İdman.Biz