Millinin yeni baş məşqçisi: “Azərbaycan bayrağının ən yüksəkdə olması üçün əlimdən gələni edəcəm”

27 Dekabr 2023 17:15
1 578
Millinin yeni baş məşqçisi: “Azərbaycan bayrağının ən yüksəkdə olması üçün əlimdən gələni edəcəm”

“Bir il əvvəl mənə Azərbaycanda klubda işləmək təklifi gəldi, əlaqə saxladılar, dəvət etdilər. Danışdıq, bütün məqamları, nüansları, detalları müzakirə etdik. Hər şey məni qane etdi”.

Bunu İdman.biz saytına ağırlıqqaldırma üzrə kişilərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Maxtı Makkayev deyib.

Rusiyalı mütəxəssis bildirib ki, ölkəmiz onun üçün yad deyil. Artıq 1 ildir Azərbaycanda çalışan Makkayev milli komandaya baş məşqçi təyin olunmasını şərh edib: “Bir il öncə mənə burada işləməyi təklif etdilər. Gəncədə yaşamağım üçün lazımı şəraiti yaratdılar. Məqsəd Samuxda ağırlıqqaldırmanı inkişaf etdirmək idi. Məktəblərə getdik, uşaqları yığdıq. Mənim üçün hər cür şərait yaratdılar, zal avadanlıqla təchiz olundu, təmir işləri aparıldı. Bunu görmək çox xoş idi və böyük məmnuniyyətlə Samuxda bir ilə yaxın işlədim və qısa müddətdə nəticə göstərdim. Uşaqlar irəliləyirdilər. Rəhbərlik bu işi gördü, qiymətləndirdi və bir ildən sonra məni ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasına rəhbərlik etməyə dəvət etdi”.

Makkayevin sözlərinə görə, Azərbaycan millisi inkişaf yolundadır: “Yeniyetmə, gənclər və böyüklərdə nəticələr var. Düşünürəm ki, Azərbaycan millisinin çox böyük potensialı var. Məşqçilərlə birlikdə işləyəcəyik. Tək əldən səs çıxmaz. Yaxşı məşqçilər, yaxşı idarəetmə var. Onlarla uğur qazana bilərik. Bəlkə də Paris-2024 Yay Olimpiya Oyunları üçün yox, 2028-ci ildə Los-Ancelesdə medallarımız olacaq”.

Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında, digər beynəlxalq yarışlarda qalib və mükafat qazanan rusiyalı Azərbaycan millisi ilə də bunu bacaracağına inanır: “Fikrimcə, hazırda işləyə, irəli gedə biləcəyimiz çox yaxşı idmançılarınız var. Gənc nəsil də böyüməkdədir. Onları da unutmaq olmaz. Onlar gələcəyimizdir. Potensial var. Gələn olimpiya ilində yaxşı nəticələrimiz olacaq. Avropa, dünya və olimpiya çempionumuz yetişəcək. Buna çox ümid edirəm. Azərbaycan bayrağının ən yüksəkdə olması üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, Maxtı Makkayevin köməkçiləri ukraynalı Denis Qotfrid və yerli Asif Məmmədov olacaq.

Emin Ağa
İdman.biz