“Qurban Qurbanovu uzun illərdir tanıyıram. Film çox xoşuma gəldi. Çünki filmdə Qurban Qurbanovun bir məşqçi kimi yox, həmçinin onun insani keyfiyyətləri, Vətən sevgisi xarakterizə olunub”.
İdman.biz xəbər verir ki, bu sözlər Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevə məxsusdur.
O, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filmini bəyəndiyini bildirib. Onun sözlərinə görə, filmdə ən çox xoşuna gələn məqam təcrübəli mütəxəssisin futbolçularını ən yüksəkdə tutması olub: “Qurban müəllim qələbə qazandıqda da, məğlub olduqda da eyni xarakterə malikdir. Filmdə bu, çox gözəl əks olunur. Bu filmin ərsəyə gəlməsində rolu olan hər kəsi təbrik edirəm. Düşünürəm ki, bu cür filmlər çox olmalıdır. Bu film həm gənc məşqçilərə, həm futbolçulara, ümumilikdə idman ictimaiyyətinə çox böyük hədiyyədir”.
Qeyd edək ki, film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.
Emin Ağa
İdman.biz