Son iki mövsümü Azərbaycanda keçirən serbiyalı voleybolçu İrina Milanoviçin İdman.biz-ə müsahibəsi
- Azərbaycanda iki inamlı mövsüm keçirdiniz. Həmin dövr haqda nə deyə bilərsiniz?
- Düzünü desəm, nə gözləyəcəyimi belə bilmirdim. Ölkə, insanlar və oradakı həyat haqqında heç nə bilmirdim. Sonda iki il Bakıda yaşadım və deyə bilərəm ki, çox xoşuma gəldi. İlk mövsümü “Murov”da keçirdim – üçüncü yeri tutduq. Azərbaycanda ikinci mövsümdə klubumu dəyişdim, çempion olan “Azərreyl”ə keçdim. Komandada çoxlu əcnəbi var idi, məşqçimiz də italiyalı idi. Bütün oyunlar Bakıda keçirilib. Səfər oyunları yox idi və bu, bizim üçün çox asan idi. Mövsümə pis başladıq. Lakin sonradan öz oyunumuzu tapdıq və çempion olduq. Keçən mövsümü heç vaxt unutmayacağıma əminəm!
- Azərbaycan Superliqasının final mərhələsinin ən yaxşı oyunçusu və bütün mövsümün ən yaxşı hücumçusu oldunuz. Bunu necə bacardınız?
- Voleybol komanda idmanıdır. Əminəm ki, bütün komandanın iştirakı olmasaydı, ən yaxşı hücumçu adını qazana bilməzdim. Mən gənc oyunçuyam. Mənə baxıb öyrənəcəyim yaxşı məşqçilər və oyunçular lazımdır. Oyunumu mümkün qədər yaxşılaşdırmaq üçün həmişə əlimdən gələni etməyə çalışıram. Təbii ki, bu, vaxt və çox iş tələb edir.
- Niyə “Leninqradka”nın təklifini qəbul etmək qərarına gəldiniz?
- “Leninqradka” mənim üçün irəliyə doğru böyük addımdır. Klub Rusiyanın ən yaxşılarından biridir. Komandada çoxlu yaxşı oyunçular var və düşünürəm ki, bura getməklə düzgün qərar vermişəm.
- Yaxşı dioqanal hücumçu hansı keyfiyyətlərə malik olmalıdır?
- Dioqanal hücumçu qüsursuz texnikaya və ardıcıllığa malik olmalıdır. Biz meydançada çox şey edirik, ona görə də məşqdə çox çalışmalı, hər gün bacarıqlarımızı artırmalıyıq.
- Ən yadda qalan matçınız hansı olub?
- Azərbaycanda keçirdiyim son final oyunu. Çempionluğu qazanacağımızı heç kim gözləmirdi, amma mövsümün ən yaxşı oyununu keçirdik və çempion olduq. O adrenalini hələ də xatırlayıram. Bizim üçün inanılmaz bir matç oldu!
Qeyd edək ki, Milanoviçin transferindən əvvəl Azərbaycan millisinin hücumçusu, əvvəllər Rumıniyanın "Alba" klubunda çıxış etmiş Yelizaveta Ruban da "Leninqradka"ya keçib.
İdman.biz