“Məncə, hələlik milli komandanı əcnəbi məşqçiyə etibar etmək daha yaxşıdır”.
Bunu Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova İdman.bizə açıqlamasında deyib.
Təcrübəli hücumçu hazırda baş məşqçisiz olan yığmada əcnəbi çalışdırıcının olmasının tərəfdarıdır. Onun sözlərinə görə, azərbaycanlı gənc mütəxəssislərin milli komandaya rəhbərlik etmək üçün hələ kifayət qədər təcrübəsi yoxdur: “Əlbəttə, mentalitetin vacibliyini başa düşürəm, amma baş məşqçinin əcnəbi olması heyətin formalaşmasına açıq fikirlə yanaşmağa kömək edəcək. Məqsədimiz nədir? Bayrağı daha yüksəklərə qaldırmaq, ölkənin şərəfini qorumaq. Rəqibə dişimizi göstərmək üçün komandaya ən güclü oyunçular götürülməlidir. Ona görə də baş məşqçinin əcnəbi olmasının tərəfdarıyam”.
Qeyd edək ki, ölkə çempionatının püşkatma mərasimi zamanı Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin yığmanın baş məşqçisi üçün kriteriyalar üzərində iş getdiyini bildirib. Bundan sonra AVF namizədlərin axtarışına başlayacaq. Azərbaycan millisini son olaraq türkiyəli Ataman Güneyligil çalışdırıb.
Zəki Feyzullayev
İdman.biz