“Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanovun İdman.biz saytına müsahibəsi
- “Gəncə” bu il Yüksək Liqada debüt edəcək. Komandanın yaradılması təşəbbüsü necə ortaya çıxdı?
- Qadın voleybolçulardan ibarət “Gəncə” klubunun yaradılması təşəbbüsü Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi tərəfindən gəlib. Ötən il ölkə çempionatında 4 klub mübarizə aparırdısa, yeni mövsümdə bu rəqəm 6-ya yüksələcək. “Gəncə” ilə yanaşı, “Buta” komandası da Yüksək Liqada debüt edəcək. Komandamız güclü voleybolçulardan təşkil olunub. Heyətin formalaşdırılması istiqamətində işlər davam etdirilir.
- Klubun hədəfləri nə olacaq?
- Təbii ki, çempionluq. Bizə göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik. İndidən çempionat oyunlarının gərgin idman mübarizəsi şəraitində keçəcəyini söyləmək olar. Güclü rəqabət olacaq. Komandalar yeni mövsümə ciddi hazırlaşırlar.
- Komandanın məşqçilər korpusu demək olar ki, əcnəbilərdən təşkil olunub...
- Bəli, klub belaruslu mütəxəssis Sergey Çasnavitskiyə həvalə olunub. O, yetərincə peşəkar mütəxəssis olmaqla yanaşı, zəngin məşqçilik karyerasına məxsusdur. Qadın voleybolçulardan ibarət Belarus yığmasının baş məşqçisi olan Çasnavitski bir neçə kluba da rəhbərlik edib. Məşqçilər korpusunda digər belaruslu mütəxəssis Vladimir Moysieviç və argentinalı İqnasio Aqustin İbarra yer alıblar. Hər iki mütəxəssis yetərincə peşəkar məşqçilərdir.
- Gəncə oyunlarını harada keçirəcək?
- Klub yeni mövsümdə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün meydana çıxacaq. Ev oyunlarımızı Gəncə Olimpiya İdman Kompleksində keçirəcəyik. İdman qurğusunun döşəməsi Azərbaycan Voleybol Federasiyasının təşəbbüsü ilə tam təmir olunaraq, hazır vəziyyətə gətirilib. Etiraf etmək lazımdır ki, Gəncədə xeyli sayda voleybolsever var. Onlar hazırda çempionat oyunlarının başlanmasını səbirsizliklə gözləyirlər. Artıq klubumuzun azarkeş qrupu da formalaşıb. Çox sevindirici haldır ki, Gəncədə voleybol ilə məşğul olmaq istəyənlərin də sayı çoxdur.
- Yerli gənc voleybolçulara şans vermək haqda planlarını nədir?
- Klubun aşağı yaş qruplarında ibarət komandalarının formalaşdırılması istiqamətində işlər görülür. Ümid edirəm ki, növbəti mövsümdən komandamızın yetirmələri Yüksək Liqada mübarizə aparacaqlar. Aşağı yaş qruplarından ibarət komandalarımızın bölmələrinə xeyli sayda müraciətlər daxil olub. Peşəkar məşqçi-müəllimlərimiz onlar arasında seleksiya işi apararaq potensiallı yeniyetmələri məşqlərə cəlb edirlər. Bu prosesə Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi tərəfindən də nəzarət olunur. Qurumun əsas məqsədi ölkəmizdə idmanın bu növünün kütləviliyinə nail olmaqdır. “Gəncə” klubu olaraq biz də bu kütləviliyə töhfə vermək niyyətindəyik.
- Sizcə, “Gəncə” regionda idmanın bu növünün inkişafına təkan verə biləcəkmi?
- “Gəncə” klubu qadın voleybolçuları arasında Azərbaycan çempionatları tarixində çıxış edəcək ilk region komandasıdır. Bu, regionda voleybolun inkişafına təkan verməklə yanaşı, idmanın bu növü ilə məşğul olmaq istəyənlərə motivasiya, gənclərdə voleybola yeni baxış gətirəcək. Gəncədə yerləşən orta təhsil müəssisələrində məktəblilər üçün klubumuzla bağlı təqdimatlar keçiririk. Həmin təqdimatlarda klubumuzda yer alan voleybolçular - millimizin üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina və digərləri iştirak edərək, zəngin karyeraları ilə bağlı məlumat verir, onları voleybol ilə məşğul olmağa çağırırlar. Komandamızın oyunçuları Gəncədə böyük coşğu ilə qarşılanır. Çox sevindirici haldır ki, ölkəmizin titullu voleybol klubları səfər oyunlarını keçirmək üçün doğma Gəncəmizə gələcəklər. Şəhər rəhbərliyi də klubumuzla yaxından maraqlanır. Bizə yaratdıqları yüksək şəraitə görə Azərbaycan Voleybol Federasiyasına öz minnətdarlığımızı bildiririk. Ölkə idmanında əldə olunan bütün nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub. Gəncə klubu da ölkə çempionatında uğurla çıxış edərək avrokuboklara vəsiqə qazanmağı hədəfəyir. Növbəti məqsədimiz isə beynəlxalq arenada inamla irəliləyib, qələbələrimizlə xalqımıza sevinc bəxş etməkdir.
Emin Ağa
İdman.biz