Qadın voleybolçulardan ibarət “Gəncə” klubu yeni məşqçi ilə anlaşıb.
Klubdan İdman.biz-ə verilən məlumata görə, Gəncə təmsilçisi belaruslu mütəxəssis Vladimir Moysiyeviç ilə birillik müqavilə imzalayıb.
O, baş məşqçi Sergey Çasnavitskinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.
Beynəlxalq məşqçilik sertifikatına sahib olan Vladimir Moysiyeviç gənclərdən ibarət Belarus millisinə məşqçilik edib.
Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək komanda heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir. Hazırlığa start verən “Gəncə” Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıb.
İdman.biz