Qadınların 6-cı, kişilərin 3-cü cəhdi - TƏHLİL

Təhlil
17 May 2024 09:21
157
Qadınların 6-cı, kişilərin 3-cü cəhdi - TƏHLİL

Voleybol üzrə Qızıl Avropa Liqasına start verilir.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmaları da bu gün mübarizəyə başlayacaq.

Həm kişilərdən, həm qadınlardan ibarət komandamız ilk mərhələnin matçlarına hazırlığını yekunlaşdırıblar. Kişilər Bakıda, qadınlar Osiyekdə ilk görüşlərinə çıxacaq. Bu, millilərimizin Avropa Liqasında ilk turniri deyil.

İki turnirdə iki qələbə
Kişi voleybolçuların Avropa Liqası 2004-cü ildən keçirilir. Azərbaycan millisinin debütü kifayət qədər gec – 2014-cü ildə gerçəkləşib. Millimiz öz qrupunda keçirdiyi 8 oyunda məğlub olmaqla sonuncu olub. Yığmamız 10 komandanın qatıldığı yarışın ümumi sıralamasında Danimarka ilə 9-10-cu yerləri bölüşüb. 5 ildən sonra artıq yeni formatlı turnirə qayıdan millimiz Gümüş Avropa Liqasında çıxış edib. Öz qrupunda yalnız Gürcüstana iki dəfə qalib gələn yığma 4 dəfə uduzub. Yekunda 20 komanda arasında Macarıstanla birlikdə 17-18-ci yerləri bölüşən yığmamız yalnız Bosniya və Herseqovina ilə Gürcüstanı geridə qoyub. Ümumilikdə 14 matça çıxan voleybolçularımızın aktivində cəmi 2 uğur var.

21-ci qələbə üçün
Qadınların Avropa Liqası daha gec 2009-cu ildə keçirilməyə başlayıb. Millimiz daha çox – 5 turnirdə qüvvəsini sınayıb. Xanım voleybolçularımız bu müddət ərzində 20 qələbə qazanıb və eyni sayda məğlubiyyət alıb.

2014-cü ildəki debütdə 12 qrup matçında cəmi 5 qələbə də ikinci yer üçün yetərli olub. Milli yekun sıralamada 4-cü olub. İki il sonra isə komandamızın qabağına çıxan tapılmayıb. Qrupda 6, yarımfinal və final mərhələlərinin hərəsində 2 oyun keçirən voleybolçularımız 10 qələbə ilə titulun sahibi olub. Sonrakı illərdə daha üç dəfə Avropa Liqasına qatılan komandamız 5-ci yerdən yuxarı qalxmayıb. 2018-ci ildəki bu nəticədən bir il sonra 10-cu yerdə qalan yığma 2021-ci ildə 11-ci yeri tutub.

Qeyd edək ki, bu həftə kişi voleybolçularımız Bakıda Rumıniya və Ukrayna ilə, qadınlar Osiyekdə Xorvatiya və Slovakiya ilə qarşılaşacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: