Türk mütəxəssis: “Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm” - MÜSAHİBƏ

1 Oktyabr 2026 13:18
86
Türk mütəxəssis: “Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm” - MÜSAHİBƏ

“U-20 və U-16 milli komandalarımızın qarşısında Avropa çempionatının seçmə mərhələsi sayılan EEVZA turnirləri var”.

Bunu bir neçə gün əvvəl Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarının baş məşqçisi təyin olunan türk mütəxəssis Gökhan Edman AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Voleybol Federasiyasından gələn təklifi qəbul etməyinizə nə səbəb oldu?

- Danışıq, anlaşma, dil problemimiz yoxdur. Azərbaycan bizim öz vətənimizdir. Başqa ölkələrdən də müəyyən vaxtlarda təkliflər aldım, ancaq vətənimdə qalmağı üstün tutdum. Mənə görə, biliklərimi, təcrübəmi öz uşaqlarımıza ötürmək daha doğru qərardır.

- Azərbaycanın yeniyetmə və gənc qızlardan ibarət komandalarının potensialı barədə ilkin təəssüratlarınız necədir?

- Xüsusilə U-20 komandası üzərində çox çalışılıb və yaxşı yetişdirilib. Biz də bu inkişafı davam etdirmək niyyətindəyik. U-16 milli komandamız və daha kiçikyaşlı idmançılarımızla səmərəli işləməyə çalışacağıq.

- Komandanı qəbul etdikdən sonra ilk növbədə hansı məsələlər üzərində işləməyi planlaşdırırsınız?

- U-20 və U-16 milli komandalarımızın qarşısında Avropa çempionatının seçmə mərhələsi sayılan EEVZA turnirləri var. Bu turnirlərdə ən yaxşı oyunlarımızı keçirmək istəyirik. Daha sonra bütün rayonları və böyük şəhərləri gəzərək oradakı məşqçi həmkarlarımızla tanış olmaq, idmançıları tanımaq və federasiyamızın əhatəli işləri haqqında məlumat əldə etmək istəyirik.

- Türkiyədə müxtəlif yaş qrupları üzrə milli komandalarda çalışmısınız. Həmin təcrübəniz Azərbaycanda işinizə necə kömək edə bilər?

- Biz bir-birimizə çox bənzəyən qardaş ölkə insanlarıyıq. Türkiyədə əldə etdiyim təcrübəni buradakı məşqçi və voleybolçulara ötürmək istəyirəm. Bunun üçün sadəcə təcrübənin kifayət etməyəcəyini də çox yaxşı bilirəm. Gecə-gündüz dayanmadan çalışmaq, yorulmadan mübarizə aparmaq şərtdir. Yolumuz budur.

- Azərbaycan voleybolunun yaxın illərdə daha yuxarı səviyyəyə çatması üçün qarşınıza hansı hədəfləri qoymusunuz?

- Ən yaxın hədəfimiz U-20 və U-16 komandalarımızla EEVZA turnirlərində inamlı çıxış etmək və rəqiblərimizlə sonadək mübarizə aparmaqdır. Uzunmüddətli perspektivdə isə azərbaycanlı həmkarlarımızla birgə iş mühiti yaratmaq, Azərbaycan voleybolunun yüksəlişi üçün çalışmaq istəyirik. Onların əməyi və fikirləri bizim üçün çox dəyərlidir. Birlikdə çalışaraq, ilk növbədə, idmançı sayını artırmaq və uşaqların voleybola başlama yaşını aşağı salmaq istəyirik. Uzunmüddətli hədəflərimiz arasında əsas milli komanda üçün idmançı yetişdirmək, yığmaları hazırkı səviyyəsindən daha yuxarı qaldırmaq da var.

- Sizdən əvvəl həmyerliniz Şahin Çatma Azərbaycanda işləyirdi. Ondan hansısa məlumatları almısınız?

- Şahin Çatma Azərbaycanda güclü akademiya formalaşdırıb. U-20 və U-18 komandalarını müəyyən səviyyəyə qədər gətirib. Aşağı yaş qrupları üçün Bakıda və bir çox şəhərdə seçimlər, istedad axtarışları aparıb. Buraya gəlməzdən əvvəl bizə bütün məlumatları ötürdü. Hazırda da ehtiyac olduqca məlumat mübadiləsi aparırıq. Biz Şahin Çatma və komandasına, hazırda birlikdə çalışdığımız idmançıları tapan, məşq etdirib bu günlərə gətirən azərbaycanlı məşqçi həmkarlarımıza və federasiyaya təşəkkür edirik ki, əlimizdə üzərində işləyə biləcəyimiz voleybolçular var.

İdman.Biz