Portuqaliyanın “Sportinq” klubu kişi voleybolu üzrə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycanın “Xilasedici” komandasına məğlub olaraq mübarizəni dayandırıb. Gözlənilməz nəticə Portuqaliyada məyusluqla qarşılanıb.
İdman.Biz xəbər verir ki, yerli idman nəşrləri ölkə çempionunun uğursuz çıxışını geniş işıqlandırıb. Komandanın baş məşqçisi Juao Koelyu da rəqibin üstünlüyünü etiraf etməklə yanaşı, Azərbaycan voleybolçularının davranışından narazılığını ifadə edib.
Xüsusilə “Sportinq”in baş məşqçisinin oyundan sonrakı açıqlaması diqqət çəkib. O, komandasının evdə 2:3 hesabı ilə uduzmasından və həlledici “qızıl set”də məğlubiyyətindən sonra azarkeş dəstəyinin olmamasından gileylənib.
“Azarkeşlərimizin dəstəyi olmadan belə bir mübarizəni başa vurmaq çox çətindir. Rəqib komandamız azarkeşlərinin qarşısında olsaydı, özünə bu cür təxribatçı davranışa icazə verməzdi”, - deyə Koelyunun sözlərini A Bola nəşri yayıb.
Mütəxəssis “Xilasedici”nin hansı hərəkətlərini təxribat hesab etdiyini dəqiqləşdirməyib. Portuqaliya mətbuatında yayımlanan materiallarda da baş məşqçinin narazılığına səbəb olan konkret epizodlar göstərilməyib.
Bununla belə, Koelyu Azərbaycan komandasının keyfiyyətli oyun sayəsində qələbəyə layiq olduğunu etiraf edib. O, xüsusilə rəqibin güclü servis atışlarını vurğulayıb. Baş məşqçinin sözlərinə görə, məhz bu komponent komandası üçün ciddi problemlər yaradıb. “Sportinq” isə əksinə, servis atışlarını lazımi səviyyədə yerinə yetirə bilməyib və blokda da kifayət qədər təşkilatlanmış oyun nümayiş etdirməyib.
“Rəqib çox yaxşı servis atışları yerinə yetirdi və qələbədə böyük pay sahibidir. Biz başımızı dik tutmalıyıq. Bu, çox ağır zərbə oldu”, - deyə Record nəşri məşqçidən sitat gətirib.
Koelyu komandasının bu təsnifat mərhələsini keçmək üçün kifayət qədər güclü olduğunu da bildirib. Onun fikrincə, “Sportinq” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün bütün imkanlara malik idi.
Qarşılaşmanın azarkeşsiz keçirilməsi də məğlubiyyətin müzakirəsi zamanı əsas mövzulardan birinə çevrilib. Lissabondakı “Joan Roşa” idman sarayında baş tutan görüş “Çarlz” fırtınasının yaratdığı əlverişsiz hava şəraiti səbəbindən boş tribunalar önündə oynanılıb. Portuqaliya mətbuatı vacib qarşılaşmada meydan sahiblərinin ənənəvi azarkeş dəstəyindən məhrum qalmasına diqqət çəkib.
"Record" nəşri qeyd edir ki, Portuqaliyanın son iki mövsüm üzrə çempionu Bakıda keçirilən ilk oyundakı qələbədən sonra növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansa malik idi. Lakin komanda doğma meydan amilindən yararlana bilməyib. Nəşr “Xilasedici”nin güclü servis atışlarını “Sportinq”in məğlubiyyətində əsas amillərdən biri kimi göstərib.
"A Bola" isə qarşılaşmaya “Sportinq altıncı setdəki acı məğlubiyyətdən sonra Çempionlar Liqasındakı yerini itirdi” başlığı ilə material həsr edib. Nəşr bununla qalibin müəyyənləşməsi üçün əlavə setin oynanılmasına ehtiyac yaranmasını və qarşılaşmanın dramatik sonluğunu ön plana çıxarıb.
Zerozero portalı isə nəticəni daha emosional şəkildə dəyərləndirib. Nəşr məğlubiyyəti həzm etməyin çətin olduğunu yazıb, oyunun son hissəsində “Sportinq”in çıxışını isə “tam dağılma” kimi xarakterizə edib. Bildirilib ki, Lissabon təmsilçisi setlərdə iki dəfə önə keçsə də, hər dəfə rəqibin hesabı bərabərləşdirməsinə imkan verib.
Bola na Rede nəşri də “Sportinq”in son dərəcə gərgin keçən qarşılaşmada uduzaraq Çempionlar Liqası ilə vidalaşdığını yazıb. Materialda oyunun gedişində üstünlüyün dəfələrlə bir komandadan digərinə keçməsi xüsusi vurğulanıb.
Qeyd edək ki, noyabrın 3-də Bakıda keçirilən ilk görüş “Sportinq”in 3:2 hesablı qələbəsi ilə başa çatıb. Noyabrın 11-də baş tutan cavab matçında isə “Xilasedici” eyni hesabla (21:25, 25:18, 22:25, 25:21, 15:13) qalib gələrək revanş alıb. Əlavə oynanılan “qızıl set”də də Azərbaycan təmsilçisi 15:13 hesabı ilə üstün olub və üçüncü təsnifat mərhələsinə yüksəlib.
Cəlil Cəlilovun rəhbərlik etdiyi komandanın növbəti rəqibi Sloveniyanın “ACH Volley” (Lyublyana) və Niderlandın “Orion Stars” klubları arasındakı cütün qalibi olacaq. İlk görüşdə Sloveniya təmsilçisi səfərdə 3:0 hesabı ilə qələbə qazanıb. Cavab matçı noyabrın 12-də Lyublyanada keçiriləcək.
Avropa Voleybol Konfederasiyasının (CEV) təqviminə əsasən, üçüncü təsnifat mərhələsinin ilk oyunları noyabrın 17-19-da, cavab qarşılaşmaları isə noyabrın 24-26-da keçiriləcək. “Xilasedici”nin iştirakı ilə baş tutacaq görüşlərin dəqiq tarixləri hələ müəyyənləşməyib. Bu mərhələnin qalibi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.
Əlavə edək ki, 2026/2027 mövsümü “Xilasedici” üçün Çempionlar Liqasında debüt mövsümüdür.
